Pörtlədilmiş toyuq ətli kabaçok (2 yaş +)

0
306
Portledilmiş toyuq etli kabaçok

Pörtlədilmiş toyuq ətli kabaçok – çox dadlı və şirəli bir yeməkdir. Eyni zamanda, çətinlik çəkmədən tez və asan hazırlanan bu yemək təkcə körpənizi deyil, şam və ya nahar yeməyi zamanı sizi  və ailənizi ətri və ləzzətli görünüşü ilə sevindirəcəkdir. Bu yeməyin daha doyumlu olması üçün yanında istənilən sevimli qarnirinizi (düyü, kartof püresi, vermeşil və s.) təqdim edə bilərsiniz.

Pörtlədilmiş toyuq ətli kabaçok yeməyi üçün lazımı inqrediyentlər

  • 100 qr toyuq filesi;
  • 1 ədəd kabaçok;
  • 1 ədəd kiçik soğan;
  • 1 ədəd pomidor;
  • 1 diş sarımsaq;
  • 3 yemək qaşığı xama;
  • 3 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • Şüyüt və ya zövgə görə göyərti;
  • Zövgə görə duz.

Pörtlədilmiş toyuq ətli kabaçok yeməyinin hazırlanması qaydası

  1. Toyuq filesi çox yağlıdırsa, artıq yağlardan təmizlənilir, yuyulur və kiçik parçalara kəsilir.
  2. Soğan təmizlənib kiçik kublara doğranılır və zeytun yağında qapağı bağlı halda şəffaf olana qədər qovurulır.
  3. Soğan qovurulduqdan sonra toyuq filesi dərhal soğanın üzərinə əlavə olunub, rəngi dəyişənə qədər qızardılır.
  4. Kublara kəsilmiş kabaçok, qızardılmış toyuq filesinə əlavə edilir və 5-7 dəqiqə qızarmağa davam edilir.
  5. Bundan sonra soyulmuş və xırda doğranılan pomidor əlavə edilib, təxminən 5 dəqiqə bişirilir.
  6. Hazırlanan yeməyə xama, xırda doğranmış sarımsaq, şüyüt və zövgə görə duz əlavə edilib, 5 -6 dəqiqə pörtülür və altı söndürülür. Pörtlədilmiş toyuq ətli kabaçok yeməyini ayrıca və ya istənilən qarnir ilə süfrəyə verilə bilər. Nuş olsun!