Övladınız və televizor.

0
710

Bizim hər birimiz ev şəraitində televizordan istifadə edirik. Adətən bu, istirahət etmək və maraqlı televiziya verilişlərinə baxmaq istədiyimiz vaxt baş verir. Amma burada bir məsələ var: uşağın yanında çox vaxtmı televizora baxırıq? Firkimizcə, çox vaxt baxırıq. İndi isə təhlil edək: məhz nəyə baxırıq? Bu sualın cavabı böyük əhəmiyyət kəsb edir, çünki qorxulu filmlər, eləcə də müxtəlif mənfi məqamlara malik verilişlər övladınızın diqqətini cəlb etməməlidir.   Ata, ana və uşaqdan ibarət adi bir ailədə axşam çağını təsəvvür edək: ata qəzet oxuyur, ana öz maraqlı verilişinə baxır, uşaq isə, ən yaxşı halda, hələ ki, öz oyuncağı ilə məşğuldur. Amma bir qayda olaraq, yarım saatdan sonra oyuncaq uşağı bezdirəcək və o, yeni bir şeylə başını qatmaq istəyəcək. Onun diqqətini rəngli televizor və orada maraqlı söhbətlər edən əmilər və xalalar cəlb edəcək.

Razılaşın ki, bu cür axşamlar ailədə nadir hal deyil. Amma əgər siz aparıcının səsinə alışmısınızsa, uşaq üçün bu səs ağır yükdür. Belə bir sual yaranır: televizor uşağın sinir sisteminə təsir göstərirmi? Birmənalı olaraq, bəli!  Sübut olunub ki, uşağın nə sinir sistemi, nə də beyni televizorun bizə verdiyi həcmdə məlumatlara davam gətirməyə qadir deyil. Təəccüblü deyil ki, uşağın yuxusu pozula, əsəbilik yarana, iştahı zəifləyə bilər. Valideynlər soruşa bilər ki, bu halda televizora gecələr baxaq, yoxsa onu evdən kənarlaşdıraq?  Xeyr, bunu etmək lazım deyil, amma bu vəziyyətdə zəruri tədbirlər görülməlidir. Yəqin, bir çox valideynlər bilirlər ki, bütün insanlar ekrana baxarkən gözlərini ciddi şəkildə gücə salırlar. Ekranadək məsafə mütləq ən azı 2 metr olmalıdır. Valideynlər buna mütləq nəzarət etməlidirlər – əks halda, uşağın görmə qabiliyyəti zəifləyə bilər. Uşağın baxdığı verilişlərdən hər hansı fayda götürməsi üçün maraqlı uşaq verilişləri seçməyə çalışın. Baxdığınız verilişləri şərh edin – uşaq bu yolla yeni biliklər əldə etmiş olacaq.

Uşağı televizorla təklikdə qoymaq

Uşağı televizorla təklikdə qoymaq tövsiyə olunmur, çünki uşağın görə biləcəyi mənfi məqamlar onun sinir sisteminə təsir göstərə bilər.  Riayət edilməli olan növbəti məsləhət övladınızın televizora nə müddətdə baxması ilə əlaqədardır. «Sehrli qutu» uzun müddət yanıq qalmamalıdır. Bu, uşaq üçün ağır yükdür. Bundan sonra valideynlər uşağın əsassız olaraq əsəbiləşməsinə təəccüblənirlər. Yeri gəlmişkən, əgər siz özünüz, xüsusən, uşağın yanında televizora baxırsınızsa, ona televizora baxmağı qadağan etmək yersiz olar.  Uşaqlar qadağan olunmuş verilişlərə baxmağa daha çox meyl edirlər. Uşaqla söhbət edib, bu qadağanın nə ilə əlaqədar olduğunu ona izah etməyə çalışın.  Uşaq gün ərzində sizin ona təklif etdiyiniz məşğuliyyətlərlə – gəzinti ilə, birgə oyunlarla, şəkil çəkməklə və s. məşğul olur.

Bu səbəbdən, siz elə etməlisiniz ki, televizora baxmaq uşağın məşğuliyyətində tez-tez baş verən bir proses olmasın. Beləliklə, siz artıq başa düşdünüz ki, televiziya öz-özlüyündə uşaqlara zərərli təsir göstərir. Çoxlu verilişlərə baxan uşaqların yaddaşı zəifləyir və onlar diqqətini bir yerə cəmləməli olurlar. Odur ki, uşağın televizor ekranı qarşısında keçirdiyi vaxtı məhdudlaşdırın və faydalı verilişlərə baxaraq ibrət götürməsinə imkan yaradın.