Ana südünün əhəmiyyəti

0
332
ana südü

Qidalanma uşaq orqanizminin sağlamlıq vəziyyətinin təminində önəmli rol oynayır. Təbii qidalanma orqanızmin böyüməsi, üzv və sistemlərin funksional yetkinləşməsi, fiziki və psixi emosional inkişafın, immunoloji reaktivliyin təmin edilməsin də və s. əhəmiyyət kəsb edir. Ana südü körpə üçün əvəz edilməz qidadır. Körpənin böyüməsində ana südünün tayı bərabəri yoxdur. Heç bir süni qida ana südünü əvəz edə bilməz. Ana südü uşaqların gələcək sağlamlığının təməlidir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpənin ilk 6 ayda ana südü ilə qidalanmasını tövsiyyə edir. Ana südü uşağın sağlam böyüməsini təmin edir. Körpə ana südü ilə hər zaman optimal inkişaf proseslərində bütün qidalı maddələri qəbul edir. Onun faydaları olduqca çoxdur. Ana südünün müdafiə xüsusiyyətlərinin yüksək olması və ona qarşı enteral sensibilizasiyanın olmaması təbii qadalanmanın süni qidalanma üzərində əsas üstünlüklərindən hesab olunur. Ana südünün tərkibində ki, qidalı maddələr, mineralar, vitaminlər körpənin lazımi ehtiyaclarını ödəyir, immuniteti artırır, normal fiziki və zehni inkişafı , boy artmanı təmin edir.

Ana südü ilə bəslənən uşaqlar dəyişkən xarici mühitə sərbəst və rahat adaptasiya olur və özünə inamlı böyüyürlər. Ana südü sakitləşdiricidir, çünki ana südü ilə qidalanan körpələr daha az ağlayır, sakit olurlar, yaxşı yatırlar. Təbii qidalanmada olan uşaqlarda fiziki inkişaf tempi daha yüksək olur, onlar tez yeriyir, tez danışırlar, dişləri vaxtında çıxır, gələcəkdə dərsləri mənimsəmə qabiliyyəti yüksək olur.

Ana südü körpəni virus və bakterial ınfeksiyalardan qoruyur.Beləki, ana südü ilə qidalanan uşaqlar arasında xəstələnmə səviyyəsi süni qidalanan uşaqlarla müqayisədə çox aşağıdır. Belə körpələrdə mədə- bağırsaq pozuntusu, infeksion xəstəliklərə , respirator xəstəliklərə, allergik xəstəliklərə çox az rast gəlinir. Məsələn, belə uşaqlar respirator xəstəliklərlə 1,5 dəfə, infeksion xəstəliklərlə 2,5 dəfə, bağırsaq infeksiyası ilə 3 dəfə az xəstələnirlər

Ana südünün üstünlükləri

  1. Sterildi.
  2. Optimal temperatura malikdir, həmişə “istifadəyə hazırdır.
  3. Ana ilə körpə arasında xoş hissləri qüvvətləndirir.
  4. Uşaq südü bilavasitə əmmə aktı ilə qəbul edir.
  5. Uşaq orqanizmi tərəfindən asan həzm olunur.
  6. Zülallar, karbohidratlar, yağlar, fermentlərlə zəngindir.
  7. Vitaminlələ və minerallarla zəngindir.
  8. İmmuniteti gücləndirir. İmmunomodulyatordur.
  9. İmmunoqlobinlərlə zəngindir.
  10. Antigen xüsusiyyətindən kənardır. Allergiya riskini azaldır
  11. Yüksək bakterosit xüsusiyyətlərə malikdir.

Ana südünün tərkibi:

Zülallar –ana südün tərkibində olan zülallar (laktoalbuminlər) körpə orqanizminin böyüməsi üçün lazım olan ən vacib qidlı maddələr sayılır. Bunlar kiçik dispepsiyalı zülallar olub, mədə- bağırsağın selikli qişasından dəyişilməmiş halda asan və yaxşı absorbsiya olunaraq, uşağın optimal böyüməsinə və inkişafına şərait yaradır.

Yağlar – Bu yağların təkibində olan yağ turşuları inək südünün tərkibində olan yağ turşularından 1,5-2 dəfə çox olur. Ana südündə yağlar əsasən triqliseridlərdən ibarətdir. Bu yağlar zəif qatılığa malik olub suda asanlıqla həll olur. Triqliserinlərin sterokimyəvi xüsusuyyətləri sayəsində onların əriməsi asan baş verir. Ana südündə doymamış yağ türşüları (omeqa-3, omeqa-6) körpənin baş beynin sinir hüceyrələrində diferensasiya proseslərində, zehni və fiziki inkişafında, gözün torlu qişasının inkişafında, ürək əzələ toxumasının inkişafında mühüm rol oynayır.

Karbohidratlar – ana südündə olan karbohidratlar uşağın energetik təlabatının 50- 60% təmin edir. Bu karbohidratların 90% disaxarid betta –laktoza təşkil edir . Beta laktoza bağırsaqdan gec sorulur, turş mühit əmələ gətirərək normal bağırsaq mikroflorasının formalaşmasını təmin edir, lakto və bifidumbakterinlərin əmələ gəlməsini stimulə edir, patogen mikrofloranın inkişafını dayandırır. Eləcədə kalsium və dəmirin və s. kimi mikroelementlərin bağırsaqdan sorulmasına və mənimsənilməsinə kömək edir. Laktozanın parçalanmasından əmələ gələn monosaxarid qalaktoza yenidoğulma dövründə beyində qalaktoserebrolidlərin sintezində mühüm rol oynayır.

Mikroelementlər – ana südündə mis, sing, kobalt çox olur, Mq, Cl , Fe, K və s. lazımi miqdarda olur. Ana südündə kalsium fosfor nisbəti 2:1-ə , inək südündə isə 1:1-ə olur. Bu mikroelementlər bifidumbakteriya təsirinə malik olur və bağırsaqlardakı patogen mikroorqanizmlərin inkişafının qarşısını alır. Bu səbədən də ana südü ilə böyüyən uşaqlarda bağırsaq infeksiyası xəstəlikləri meydana çıxmır. Tərkibindəki dəmir, sink və digər mikroelementlər isə körpənin sağlam böyüməsinə səbəb olur. Ana südündə dəmirin miqdarı 0,5mq/1,süni qarışıqlarda isə 1,5mq/1 olmasına baxmayaraq, ana südündəki dəmirin bioloji fəallıq dərəcəsi 50%, süni qarışıqda isə 5%-dır. Bu da uşaq orqanizminin 6 ay dəmir ehtiyatını ödəyir.

Fermentlər – ana südündə 10-dan artıq ferment (lipaza, amilaza və s.) var ki, onlar ana südünü autoliz etmək qabiliyyətinə malikdirlər. Bu da, ana südünün yüksək səviyyədə həzim orqanları tərəfindən mənimsənilməsini təmin edir. Ana südünün tərkibində olan lipaza mədənin hərəki funksiyasını tənzimləyir, pankreatik şirənin erkən ifrazına köməklik edir və yağların asanlıqla parçalanmasına səbəb olur.

Lizosim – təbii antibiotikdir. Lizosim qrammüsbət və bəzi qrammənfi bakteriyaların qlaflarını əridərək mühüm müdafiə funksiyası yerinə yetirir, ağız suyunda amilazanın əmələ gəlməsini stimulə edir.

Ana südündə çoxlu miqdarda makrofaqlar, neytrofillər, T və B limfositlə aşkar edilib. Bunlar uşaq orqanizminin immun müdafiə funksiyasını artırır. Faqositar qabiliyyətə malik olan makrofaqlar – bağırsaq epitelinin inkişafını stimulə edərək onu patogen infeksiyalardan qoruyur.

Ana südü imunoqlobulinlərlə zəngindir. Bütün bunlar körpəni virus və bakterial ınfeksiyalardan qoruyur. Immunoqlobulin A-orqanizmin birinci müafiə xətti rolunu yerinə yetirir, patogen floranın orqanizmə keçməsinə mane olur və körpəni mədə- bağırsaq pozuntularından qoruyur. Laktoferin- faqositozu fəallaşdırır. Bağırsaqda dəmirlə birləşərək bakterial floranın artıb çoxalmasına mane olur. Ana südündə çoxlu miqdarda hipofizin (STH,TTH), qalxanvarı vəzin (T3, T4) və başqa hormonlar olur. Həyatının birinci ilində uşağın endokrin vəziləri morfoloji və funksional cəhətdən yetkin olmadığından, bu hormonlar orqanizmin harmonik inkiafında mühüm rol oynayırlar. Bunlar uşağın intensiv psixomotor və emosional inkişafına təkan verir.

Vitaminlər – Ana südüdə antioksidant xüsusiyyətləri olan A, C, E vitaminləri çoxdur. B qrup vitaminlərdə – kifayət qədərdir. Vitamin Ca və D-azdır. Ona görə də hamiləliyin sonunda vitamin D-nin profilaktikasına başlanılır. Ana südünün tərkibində olan vitaminlər uşaq orqanizmi tərəfindən mənimsəniləcək dozada olur. Ana südü bifidum faktorlarla zəngindir. Bunlar azot tərkibli karbohidrat bifidus-flora əmələ gətirmək qabiliyyətinə malikdir, şəkəri yoğun bağırsaqlarda parçalayaraq süd və sirkə turşularına parçalayır ki, bu da patogen floranın inkişafına mane olur.

İlhamə Hüseynova (Həkim-pediatr)