Böyüklər də, uşaqlar da günəşdən və dənizdən zövq almaq üçün yay tətilini gözləyirlər. Böyüklər səyahət turlarını seçməklə məşğul ikən, uşaqlar öz oyuncaqlarını və üzgüçülük maskalarını hazırlayırlar. Bəs valideynlər, uşaqla çimərlikdə rahat istirahət etməyi bilirlərmi?
Təlimat keçirin
Bu çox vacibdir! Övladınızın cəmi bir yaşı varsa da və onun hələ heç bir şey başa düşmədiyini düşünsəniz də, onu təlimatlandırın. Başa salın ki, çay da, dəniz də, okean da təhlükəlidir və çox ehtiyatlı olmaq lazımdır. İzah edin ki, gözlərə və ağıza düşən qum narahatlıq yaradır. Hər dəfə çimərliyə gedərkən övladınıza kiçik təlimat keçirməyiniz çox yaxşı olar.
Rahat yer və vaxt seçin
Razılaşın ki, günorta istisində izdihamlı çimərlikdə uşaqlarla sakitcə istirahət etmək mümkün olmayacaq. Odur ki, çimərliyə tez gəlmək lazımdır ki, rahat yer seçə biləsiniz. O qədər də səs-küylü olmayan yerlərə üstünlük verin. İş günləri çimərlikdə daha az adam olacağı ehtimalı böyükdür.
Uşaqlarınız hətta böyükdürsə də, çimərliyə uşaqlar üçün səpmə tozu götürün. Səpmə
Rahat yemək hazırlayın
Çimərlikdə satılan qəlyanaltıların uşaqlar üçün nə qədər ziyanlı olduğunu izah etməyə ehtiyac yoxdur. Rahatlığınız üçün dəniz kənarı istirahətə kiçik buterbrodlar hazırlayıb, gətirə bilərsiz. Diqqət yetirin ki, uşaqların yeməyi quma bulaşmasın. Nəzərə alın ki, uşaqlar belə istirahət zamanı çox susayırlar. Ona görə su tədarükünüzü əvvəldən görün.
Çimərlik çətiri mütləqdir!
Bunu heç müzakirə etməyə də dəyməz. Çünki günəşin altında 40 dəqiqədən artıq fasiləsiz qalmaq hətta böyük insan üçün də ziyanlıdır. Bu, bizim yox, Ümumdünya Səhiyyə Təşkilatının fikridir.
Təhlükəsizlik yarlığı
Bu çox gözəl icaddır! Su ilə yuyulmayan bu yarlığın üzərinə öz telefon nömrənizi yazıb uşağın qoluna yapışdıra bilərsiniz. Körpəniz itərsə, bu yarlıq Sizə kömək edə bilər!
Sərinləşdirici sprey
Çiləyici butulka götürün, yaşıl çay dəmləyib onun içinə doldurun və soyuducu çantaya qoyun. Sərinləmək istəyəndə üzünüzə çiləyin. Bu həm faydalıdır, həm də xoş əhval-ruhiyyə yaradır. Bu məqsədlə adi sudan da istifadə edə bilərsiniz – adi su da Sizi müəyyən müddət sərinlədəcək.
Uşaqlara nümunə göstərin
Siz uşağa suda təhlükəsizlik texnikası haqqında uzun-uzadı danışa bilərsiniz. Amma siz su attraksionlarında əylənərkən xilasedici jilet geyməsəniz, uşaq bunun nə dərəcədə vacib olduğunu başa düşməyəcək. Bu, çimərlikdə təmizliyə riayət olunmasına da, istirahət edən digər şəxslərin şəxsi məkanına hörmətlə yanaşmağa da aiddir. Bəli, bizim uşaqlarımıza bizdən başqa tərbiyə verən olmayacaq!
Övladları ilə çimərlikdə istirahət edən valideynlərə əsas məsləhətimiz belədir – uşaqlarınızla şənlənin və istirahətdən həzz alın!


