― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...

Günəşin hədiyyəsi D vitamini

Günəş bütün canlılar üçün enerji mənbəyidir. Onun insan orqanizmi üçün bir çox faydaları var. Günəş D vitaminin yaranmasında, bəzi dəri xəstəliklərinin müalicəsində, hormonların, xüsusən boy hormonunun sintezində və s. iştirak edir.

İnsan həyatında mühüm rol oynayan D vitamini orqanizmə əsasən günəş şüalarının bir başa təsiri ilə daxil olur. Bu vitamin orqanizmin inkişafında və həyat fəaliyyətində yaxından iştirak edən ən vacib olan vitaminlərdən biridir. D vitamini günəş şüalarının təsirindən dəridə əmələ gələn qeyri-aktiv vitamin D3-ün metobolik aktivləşməsi və qaraciyərdə onun 25-ci karbon atomunun hidroksilləşməsi ilə yaranmağa başlayır.

Orqanizimdə bir neçə ardıcıl biokimyəvi mərhələdən keçdikdən sonra, D vitamini hüceyrələr tərəfindən sintez olunaraq qana keçib, prohormon kimi qan vasitəsilə orqan və toxumalara çatdırılaraq, onların strukturasına və funksiyalarına təsir göstərir. Beləki, bu vitamin qalxanvariətraf vəz, sümük- əzələ, bağırsaq və böyrəklər arasında qarşılıqlı əlaqə yaradan endokrin sisteminin ən əsas komponentidir və ekstrasellular kalsiumun miqdarının müəyyən limit daxilində sabit saxlanılmasını təmin edir.

D vitamininin səviyyəsi mövsüm, qida qəbulu, qeoqrafik populyasiya və s. kimi faktorlardan asılı olaraq dəyişkən olur. Məsələn, şimal qütbündə yaşayan insanlarda, cənub qütbündə yaşayan insanlarla müqayisədə, tünd dərili insanların ağ dərili insanlara nisbətdə D vitaminin səviyyəsi aşağı olur. Bu qara dərili insanların dərisində melanin piqmentinin çox olması ilə əlaqədardır. Melanin piqmenti dəridə sanki, qoruyucu funksiyasıyanı yerinə yetirərək, günəş şüalarını udur. Ona görə də qara dərili insanlarda raxit xəstəliyinə ağ dərili insanlara nisbətən çox rast gəlinir. D vitamini yay aylarında artır, qışda isə azalır. O, qanda həm zülalla birləşmiş, həm də sərbəst halda olur.

D vitamininin gündəlik ehtiyacı

Gündəlik D vitamini ehtiyacını ödəmək üçün həftədə ən azı iki dəfə, əsasən səhər saatlarında saat 11:00 dək, axşam saatlarında isə 17.00 dən sonra 20- 30 dəqiqə günəş şüası qəbul etmək olar.
Bu vitamin orqanizdə bir çox kimyəvi və bioloji proseslərində əhəmiyyətli rola malik funksiyaları yerinə yetirir. O, orqanizm üçün tikinti materialı hesab olunan kalsiumun və fosfor ionlarının bağırsaqlardan sorulmasını gücləndirir, böyrək kanalcıqlarından onların reabsobsiyasını təmin edir və sümük toxumasında depolaşmasına şərait yaradır. Kalsium uşaq orqanizminin həm fiziki, həm də psixo-motor inkişafında əsas rol oynayan mikroelementdir.

Bu vitamin immunitetin formalaşmasında da iştirak edir. D vitamini immunomodulyator kimi, spesifik və qeyri spesifik immun hüceyrələrinə təsir edərək, orqanizmin anadangəlmə və adaptiv immun cavabını tənzimləyərək, immun sistemi üçün böyük rol oynayır.

D vitamini və respirator xəstəliklər

D vitamininin homeostazın stabil saxlanılmasında böyük əhəmiyyət kəsb edir. Onun iltihab əleyhinə rolu bir çox bakterial və virus infeksiyaları zamanı sübut olunmuşdur. Son zamanlar bir çox tədqiqatçılar bu vitamin ilə kəskin respirator xəstəliklər arasında əlaqənin olmasını sübut etməyə çalışırlar. Tədqiqatlar göstərir ki, qanda D-n adekvat konsentrasiyasıya da olması uşaqlarda yuxarı və aşağı tənəffüs yollarının infeksiyalarının əmələ gəlməsində və inkişafında həlledici rol oynayır. Bu, qış aylarında orqanizmə D vitaminin az daxil olması və virus infeksiyaların qış aylarında daha çox təsadüf olunması ilə assosasiya olunur.

Bundan əlavə D vitamini defisiti olan hamilə qadınlardan doğulmuş uşaqlarda KRX-n yoluxma riski daha yüksəkdir. Yenidoğulanların ciftindən götürülmüş qanında D vitamininin konsentrasiyası az olan uşaqların katamnestik müşahidəsi göstərir ki, onlar həyatın sonrakı illərində aşağı tənəffüs yollarının infeksiyaları ilə tez-tez xəstələnirlər.

Bəs C vitamini uşaqlara necə təsir edir?

D vitamininin çatmamazlığı

Müasir dövürdə D vitamininin çatmamazlığı insan sağlamlığında aktual problemlərdən birinə çevrilib. D vitamini əskikliyi kifayət qədər günəş şüası almadıqda, yaşlı insanlarda, mədə -bağırsaqdan vitaminin sorulmasına əngəl törədən pozuntular, məsələn, malosorbsiya , böyrək xəstəlikləri, qaraciyər və öd xəstəlikləri, hormonal pozuntular, piylənmə, şəkərli diabet, bir çox hormonal preparatların qəbulu və s. kimi hallar da yarana bilir.
D vitamini əskikliyi yetkin insanlarda osteomalyasiyaya, uşaqlarda isə raxit xəstəliyinə səbəb olur. Raxit xəstəliyi zamanı uşaq fiziki inkişafdan geri qalır, bağırsaqlardan kalsimun sorulması və sümük toxumasının minerallaşması pozulur, qanda həm kalsium, həm də fosforun miqdarı azalır, sümüklər deformasiyaya uğrayır, əzələlərin tonusu və yığılma qabiliyyəti zəifləyir, dişlər gec çıxır və sümük toxumasının yumşalması, əyilməsi, və s. baş verir.

D vitamini çatmamazlığı və əskikliyi diaqnozu qanda D vitaminin əsas metabolizmi olan 25( OH)D səviyyəsinə əsasən qoyulur.

• Çox ciddi çatmamazlıq <5
• Ciddi çatmamazlıq 5-10
• Çatmamazlıq 10-20
• Suboptimal səviyyə 20.0-30.0
• Optimal səviyyə 30.0- 80.0
• Intoksikasiya ehtimalı 80.0- 150.0

D vitamini əskikliyinin qarşısını almaq üçün kifayət qədər günəş şüası almalı və tərkibində D vitamini olan preparatların qəbulu ilə həyata keçirilir.

Hansı qidalarda D vitamini var?

Dəniz məhsullarında, qara və qırmızı kürü, balıq yağı, balıq, kərə yağı, göbələk, yumurta sarısı, cəfəri, gicirtkən, kartof, süd , pendir və s. məhsullar D vitamini ilə zəngindir.
Lakin D vitaminini yüksək dozalarda qəbul etmək olmaz. Çünki, bu vitamini uzun müddət yüksək dozada qəbul etdikdə D hipervitaminozu yarana bilər. Bu həm də raxitin profilaktikasında və ya müalicəsində D vitamini preparatları ilə bərabər ultrabənövşəyi şüaların təyinindən də yarana bilər. D hipervitaminozu zamanı intoksikasiya, yüksək hərarət, qaraciyərin böyüməsi, süstlük, yuxululuq , yaxud oyanıqlıq, ürəkbulanma, yumşaq toxumaların kalsifikasiyası, qusma, qəbizlik və ya ishal, anoreksiya və s. yarana bilər. Ona görədə D vitamininin dozası mütləq həkim tərəfindən təyin olunmalıdır.

İlhamə Hüseynova. Həkim pediatr.

error: Alert: Content selection is disabled!!