Övladlığagötürmə ilə bağlı qaydalar layihəsi ictimai müzakirəyə çıxarılıb

0
278
Övladlığagötürmə

Azərbaycanda övladlığagötürmə ilə bağlı qaydalar layihəsi ictimai müzakirəyə çıxarılıb.

Bu barədə “Report.az”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən hazırlanmış “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları” layihəsi ictimai müzakirənin təmin edilməsi məqsədilə nazirliyin sosial.gov.az saytında yerləşdirilib.

Vətəndaş cəmiyyəti instituları, mütəxəssis və ekspertlər, ayrı-ayrı vətəndaşlar bu linkinə daxil olaraq layihə ilə tanış ola, rəy, irad və təkliflərini [email protected] ünvanına göndərə bilərlər.

Məlumat üçün bildirmək istərdik ki, 2019-cu ilin iyul ayında Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən övladlığagötürmə sahəsində dövlət siyasətini və dövlət tənzimləməsini həyata keçirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə daxil edilib və nazirliyin bu sahədə vəzifələri də müəyyənləşib. Həmin vəzifələr aşağıdakılardır:

  • Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunu elektron qaydada aparmaq;
  • övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək;
  • Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini təmin etmək;
  • övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürdükləri Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • övladlığagötürmənin ləğvi ilə bağlı tədbirlər görülməsini təmin etmək.

Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsi ilə bağlı əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyənləşdirmək isə nazirliyin hüquqları sırasına daxil edilib.