Səhiyyə Nazirliyi: Son vaxtlar allergik xəstəliklərə daha çox yenidoğulan uşaqlarda təsadüf olunur

0
88
Doğumdan sonra

“Allergik xəstəliklərə hər yaş qrupunda rast gəlinmək mümkündür. Son vaxtlar bu xəstəliyə daha çox yenidoğulan uşaqlarda təsadüf olunur”.

“Report.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tahirə Pənahova bildirib. Onun sözlərinə görə, buna səbəb kimi anaların hamiləlik müddətində qeyri-sağlam qidalanmaları (“fast-food” məhsullarından tez-tez istifadə), kosmetik və kimiyəvi yuyucu vasitələrdən istifadə etməsidir. Həkim bundan əlavə, yumşaq oyuncaqların körpələrdə allergiyanın yaranmasında mühüm rol oynadığını da söyləyib.

T.Pənahova vurğulayıb ki, klinik formasından asılı olaraq, allergiya müxtəlif formalarda özünü göstərir: “Tənəffüs allergiyasına mövsümü və ilboyu davam edən allergik rinit, rinosinusit, traxeobaronxit və ən ağır növü hesab olunan bronxial astma daxildir. Respirator allergiya zamanı uşaqlarda burunda qaşınma, asqırma, burun axması, gözlərin yaşarması, güclü öskürək (tutma şəkilli, boğucu), ciyərlərdə xışıltılı, fitverici tənəffüs, nəfəs almanın çətinləşməsi, boğulma ola bilər”.

Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, allergiyanın dəri formalarına qızartı, qaşınma və müxtəlif ölçülü səpkilər, atopik dermatit aid edilir: “Həzm sistemində olan zədələnmələr qida və dərman qəbulu nəticəsində yaranan allergiyalar əlamətlərinə isə ürəkbulanma, ishal, ağız boşluğunun selikli qişasının şişməsi, qarında ağrılar, gəyirmə və mədə qıcqırması daxildir. Anafilaktik şok allergen maddənin (dərman preparatları, böcək zəhərləri və həşarət dişləməsi, qan prepartaları, məişət-kimya məhsulları) orqanizmə düşməsi nəticəsində yaranan ən ağır allergik reaksiyadı. Anafilaktik şokun əlamətlərinə nəfəsalmanın çətinləşməsi, bədənin səpkilərlə örtülməsi, özündən getmə, bronxlarda spazm daxildir. Bu vəziyyət çox təhlükəlidir və təxirəsalınmaz tibbi yardım tələb edir”.