Körpələrdə dişçıxarma nə vaxt başlayır?
Körpələrdə orta hesabla ilk diş yeddinci ayda görünməyə başlayır. Bəzi uşaqlar 3-cü aydan etibarən erkən dişçıxarmağa başlayır, digərlərində isə bu proses 12-ci aydan sonra da başlaya bilər. Ümumiyyətlə ön dişlər əvvəlcə çıxır. Diş, dişətinə yaxınlaşdıqda bu bölgədə incəlik, qızartı və şişkinlik görünə bilər. 20 süd dişinin çıxması ümumiyyətlə 3 yaşa qədər tamamlanır. Daimi dişlər təxminən 6 yaşa qədər çıxır. Dişçıxarma prosesində irsi amillər də təsirli rol oynayır.
Körpələrdə diş çıxarma simptomları nələrdir?
- Ağrı: Dişçıxarma bəzi körpələrdə şiddətli ağrılara səbəb olur. Bu dövrdə, körpə əlindəki hər şeyi ağzına qoyaraq, diş ətini rahatlamağa çalışır.
- Ağız suyunun axması: Ümumiyyətlə, körpələrdə 3-cü aydan etibarən ağız suyu axır. Bu vəziyyət dişçıxarma dövründə daha da artır. Dərinin qıcıqlanmasına görə çənə və ağız ətrafında qızartılar ola bilir.
- Narahatlıq: Çıxacaq dişlər səthə yaxınlaşdıqca diş ətindəki ağrı daha çox artır. Körpələrdə diş ağrısı bəzi hallarda həftələrlə davam edə bilər.
- İshal: Diş çıxarma zamanı tüpürcək ifrazının artması səbəbindən körpədə ishal ola bilər. Ancaq körpədə ikidən çox ishal baş verirsə, həkimlə məsləhətləşmək mütləqdir.
- Qulaq və ya yanaq sürtüşdürməsi: Diş ətindəki ağrı buradakı sinirlərlə qulaq və yanaqlara yayıla bilər. Ancaq bu şikayət, qulaq infeksiyası ilə qarışdırıla bilər. Bu vəziyyətdə həkimə müraciət etmək lazımdır.
- Hərarət: Diş ətindəki iltihab səbəbindən dişçıxarma zamanı, körpədə 38 dərəcəyə qədər hərarət ola bilər. Hərarət 38 dərəcədən yuxarı qalxarsa, mütləq bir mütəxəssislə məsləhətləşmək lazımdır.
- Yuxusuzluq: İlk dişlər və bir neçə diş birdən çıxdıqda, gecə oyanmadan yatmış körpələrdə də gecə oyanışı başlaya bilər. Bu vəziyyəti aclıqla əlaqələndirməklə, körpəni daim qidalandırmaq düzgün davranış deyildir və onu tədricən yenidən yuxuya vermək doğru addımdır.
- Diş ətlərində göyərmə və qanaxma: Bəzən diş ətlərində göyərmə və qanaxma olur və öz-özünə sağalır.
- İştahsızlıq: Diş çıxarma dövründə körpə qidalanmadan imtina edə bilər. Xüsusilə bərk qidaya başlayan körpə bir müddət bu qidalarla maraqlanmır. Bu vəziyyət müvəqqətidir. Körpə, həmçinin maye qida maddələri ilə lazımlı qidanı qəbul edə bilər. Diş çıxdıqdan sonra iştaha normala qayıdır.
Ailədən aldığı daha çox qayğı körpəni dişçıxarma prosesində rahatlaşdırır.
Körpələr dişçıxarma zamanı daha çox diqqət və sevgiyə ehtiyac duyurlar. Ailələrin daha çox sevgi və diqqəti narahatlığı azalda bilər. Xüsusilə, soyuq dişüçün olan oyuncaqla oynamaq körpələrdə diş qaşınmasını azaldır. Ağrılar zamanı həkiminizin məsləhəti ilə diş ətlərini yumuşaq, təmiz və bir qədər soyuq bir parça ilə masaj edə bilərsiniz. Bundan başqa həkiminiz diş ağrısını yumuşalda bilən xüsusi krem tövsiyyə edə bilər.
Süd dişlərinə qulluq, çox böyük əhəmiyyətə malikdir.
Körpələrdə dişlərin vaxtından əvvəl çürüməsinin qarşısını almaq üçün:
- Səhər və axşam yatmadan əvvəl körpənin dişləri yumuşaq bir fırça və sadəcə su ilə fırçalanmalıdır. İki yaşından əvvəl udma riski səbəbiylə diş məcununu istifadə etmək tövsiyə edilmir. İki yaşından sonra az miqdarda flüorlaşdırılmış diş məcunu istifadə edilə bilər.
- Uşağın çevikliyi, maraq dairəsi və valideyn münasibəti dişləri fırçalamaq vərdişini təyin edir. Buna görə valideynlərin diqqət yetirməli olduğu bəzi məqamlar var. Valideyn mütəmadi olaraq dişlərini fırçalayırlarsa, bu uşağın diqqətini çəkəcəkdir.
- Uşaqlara, əmzik şəkərə və ya cem kimi şirin qidalara batırılıb verilməməlidir. Gecə yatan uşağa şəkərli süd və ya suyu vermək vərdişi yaranmamalıdır.
- Ən azı ilk dörd ay ərzində körpələri ana südü ilə qidalandırmaq, ağız ətrafındakı yumuşaq toxuma və əzələ funksiyalarının normal inkişafını təmin edəcəkdir.
- Uşaqlar bir yaşdan sonra stəkan və qaşıqla qidalanmağa alışdırılmalıdır.
- Körpələrin gecə ağzında şüşə ilə yatması vərdişinin qarşısı alınmalıdır.