Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşaqla çimərlikdə necə rahat istirahət etmək olar?

11.08.2018

Böyüklər də, uşaqlar da günəşdən və dənizdən zövq almaq üçün yay tətilini gözləyirlər. Böyüklər səyahət turlarını seçməklə məşğul ikən, uşaqlar öz oyuncaqlarını və üzgüçülük maskalarını hazırlayırlar. Bəs valideynlər, uşaqla çimərlikdə rahat istirahət etməyi bilirlərmi?

Təlimat keçirin

Bu çox vacibdir! Övladınızın cəmi bir yaşı varsa da və onun hələ heç bir şey başa düşmədiyini düşünsəniz də, onu təlimatlandırın. Başa salın ki, çay da, dəniz də, okean da təhlükəlidir və çox ehtiyatlı olmaq lazımdır. İzah edin ki, gözlərə və ağıza düşən qum narahatlıq yaradır. Hər dəfə çimərliyə gedərkən övladınıza kiçik təlimat keçirməyiniz çox yaxşı olar.

Rahat yer və vaxt seçin

Razılaşın ki, günorta istisində izdihamlı çimərlikdə uşaqlarla sakitcə istirahət etmək mümkün olmayacaq. Odur ki, çimərliyə tez gəlmək lazımdır ki, rahat yer seçə biləsiniz. O qədər də səs-küylü olmayan yerlərə üstünlük verin. İş günləri çimərlikdə daha az adam olacağı ehtimalı böyükdür.

Uşaqlarınız hətta böyükdürsə də, çimərliyə uşaqlar üçün səpmə tozu götürün. Səpmə tozunu körpənizin dərisindəki qatlara vurun. Bu halda dəriyə düşmüş qum asanlıqla çırpılacaq və körpəni qıcıqlandırmayacaq. Səpmə tozunu ayaq pəncələrinə vurduqda isə (həm uşaqlarda, həm də böyüklərdə) çimərlikdə gəzintidən sonra avtomobilə 2 kiloqram qum daşımalı olmayacaqsınız.  Ən azı hər yarım saatda bir dəfə uşağın dərisinə günəşdən mühafizə kremi sürtmək lazımdır. Günəşdən mühafizə kremi, həmçinin, dənizdə çimdikdən sonra da sürtülməlidir. Günəş şüalanmasının uşaq dərisinə vurduğu ziyan yanıqlarla məhdudlaşmır. Günəş şüaları altında çox qaldıqda dəridə qıcıqlanma, quruluq və piqmentləşmə baş verir.

Rahat yemək hazırlayın

Çimərlikdə satılan qəlyanaltıların uşaqlar üçün nə qədər ziyanlı olduğunu izah etməyə ehtiyac yoxdur. Rahatlığınız üçün dəniz kənarı istirahətə kiçik buterbrodlar hazırlayıb, gətirə bilərsiz. Diqqət yetirin ki, uşaqların yeməyi quma bulaşmasın. Nəzərə alın ki, uşaqlar belə istirahət zamanı çox susayırlar. Ona görə su tədarükünüzü əvvəldən görün.

Çimərlik çətiri mütləqdir!

Bunu heç müzakirə etməyə də dəyməz. Çünki günəşin altında 40 dəqiqədən artıq fasiləsiz qalmaq hətta böyük insan üçün də ziyanlıdır. Bu, bizim yox, Ümumdünya Səhiyyə Təşkilatının fikridir.

Təhlükəsizlik yarlığı

Bu çox gözəl icaddır! Su ilə yuyulmayan bu yarlığın üzərinə öz telefon nömrənizi yazıb uşağın qoluna yapışdıra bilərsiniz. Körpəniz itərsə, bu yarlıq Sizə kömək edə bilər!

Sərinləşdirici sprey

Çiləyici butulka götürün, yaşıl çay dəmləyib onun içinə doldurun və soyuducu çantaya qoyun. Sərinləmək istəyəndə üzünüzə çiləyin. Bu həm faydalıdır, həm də xoş əhval-ruhiyyə yaradır. Bu məqsədlə adi sudan da istifadə edə bilərsiniz – adi su da Sizi müəyyən müddət sərinlədəcək.

Uşaqlara nümunə göstərin

Siz uşağa suda təhlükəsizlik texnikası haqqında uzun-uzadı danışa bilərsiniz. Amma siz su attraksionlarında əylənərkən xilasedici jilet geyməsəniz, uşaq bunun nə dərəcədə vacib olduğunu başa düşməyəcək. Bu, çimərlikdə təmizliyə riayət olunmasına da, istirahət edən digər şəxslərin şəxsi məkanına hörmətlə yanaşmağa da aiddir. Bəli, bizim uşaqlarımıza bizdən başqa tərbiyə verən olmayacaq!

Övladları ilə çimərlikdə istirahət edən valideynlərə əsas məsləhətimiz belədir – uşaqlarınızla şənlənin və istirahətdən həzz alın!

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az