Bizə yazın

Uşağa loqoped lazımdırmı?

03.08.2016

Mövcud fikirlərə rəğmən, loqoped tələffüz qüsurlarını aradanm qaldırmaqla bərabər, həm də körpənin söz ehtiyatını əhəmiyyətli dərəcədə genişləndirir. Məktəbəqədər uşağın nitqinin düzgün formalaşdığını vaxtında necə müəyyən etmək olar? Bir çox hallarda uşağın nitq inkişafını qiymətləndirərkən böyüklər körpələrin səsləri nə dərəcədə düzgün tələffüz etmələrinə diqqət yetirərək vəziyyətin müəyyən dərəcədə yaxşı olduğu təqdirdə loqopedə müraciət etməyə tələsmirlər. Bu, yanlış qərardır. Loqoped tələffüz qüsurlarını aradan qaldırmaqla bərabər, həm də söz ehtiyatını genişləndirməyə kömək edir, hekayə tərtib etmək və öz fikirlərini qrammatik nöqteyi-nəzərdən düzgün ifadə etmək bacarığı formalaşdırır. Bundan əlavə, loqoped niqtində hər hansı qüsur olan uşağın savadlanmaq üçün hazırlaşmasına və məktəbdə daha yaxşı oxumasına kömək edə bilər. Yalnız loqoped vəziyyəti peşəkarcasına təhlil edə, xüsusi tapşırıqların keçirilməsinin zəruri olduğunu göstərə və ətraflı məsləhətlər verə bilər. Məktəbəqədər yaşlı uşağın nitqinin nə dərəcədə düzgün formalaşmasının müəyyən edilməsi aşağıdakı səbəblərdən zəruri hesab olunur:

  • Nitq – insanın ən ali psixi funksiyalarından biridir. Nitq çatışmazlıqları istər uşağın inkişafında mövcud olan problemlərlə, istərsə də onların baş verməsinin səbəbi ilə əlaqədar ola bilər. Bu, Sizin övladınızın «anormal» və ya «səfeh» olması anlamına gəlmir. Bu o deməkdir ki, uşaqda müəyyən problemlər var və bu problemlərin uşağın lazımi dərəcədə inkişaf etməsinə və uğurla təhsil almasına maneə yaratmaması üçün onları mütəxəssisin köməyi ilə aradan qaldırmaq lazımdır.
  • Problemlər nə qədər tez aşkar edilərsə, onların aradan qaldırılması ilə əlaqədar işlərə də bir o qədər tez başlamaq olar və bu iş də bir o qədər uğurla cərəyan edər. Çünki nəyisə yenidən öyrənməyə başlamaqdansa, bunu əvvəlcədən yaxşı öyrənmək daha asandır. Bütün çatışmazlıqların öz-özünə aradan qalxacağına ümid etmək lazım deyil. Siz öz övladınızın taleyinə görə məsuliyyət daşıyırsınız. Mütəxəssisə müraciət etməkdən çəkinməyin – vaxtında göstərilən yardım Sizin əsəblərinizi qorumaqla bərabər, övladınızı daha uğurlu və xoşbəxt edə bilər.
  • Körpənin nitqinin inkişafındakı hətta cüzi çatışmazlıqlar da onun oxu və yazı vərdişlərinə yiyələnməsində çətinlik yarada bilər. Nəticədə Sizin ağıllı, istedadlı övladınız ana dilindən pis qiymət alır. Bu təhlükənin qarşısını almaq mümkündür!
  • Odur ki, uşağın loqopedik problemi nədən ibarət olursa olsun (səslərin düzgün tələffüz olunmaması, söz ehtiyatının kasadlığı, rabitəli nitqin olmaması, kəkələmə), bu problemə son dərəcə ciddi yanaşmaq lazımdır.

Aşağıdakı hallarda Sizin övladınıza mütəxəssis yardımı lazımdır:

  • Uşağın nitqi aydın deyil. Onu yalnız valideynləri və bu uşağı yaxşı tanıyan şəxslər başa düşə bilirlər. Uşaq bir çox sözləri yumşaq tələffüz edir – sanki hələ lap balacadır, yaxud sərt səslər üstünlük təşkil edir, sanki aksentlə danışır. Bəzi səsləri tələffüz edərkən nitqdə şappıltılı səs çaları yaranır, hava asanki yana axır; «S» və «Z» səslərini, ingiliscə, dişlərinin arasında tələffüz edir; «Ş», «J» səslərini tələffüz edərkən ovurdları şişir, «R» səsini isə fransızlar kimi tələffüz edir.
  • 3-4 yaşlarında o, sözdəki hecaları eşitmir; sözü təhrif edərək tanınmaz hala salır; yalnız ayrıca hecaları tələffüz edir, sözü bütünlüklə ifadə edə bilmir; sözü ixtisar edir, bəzi samitləri və hecaları buraxır, yaxud sözü sonadək demir; sözü bir neçə dəfə müxtəlif cür ifadə edir.
  • 5 yaşınadək rabitəli nitqi formalaşmayıb. Uşaq şəklə baxaraq cümlə qurmaqda çətinlik çəkir, hərəkətlərin ardıcıllığını təyin edə bilmir, əşyaları sadalamaqla kifayətlənir, yaxud ayrı-ayrı çox qısa cümlələr işlədir.
  • 5-6 yaşlarında nitqin ümumi strukturu pozulub: o, cümlələri düzgün qurmur, sözləri cins, say və hal baxımından uyğunlaşdırmır, bağlayıcı və ədatlardan düzgün istifadə etmir..

Əgər Siz bu cür problemlərlə qarşılaşmısınızsa, bu problemlərin aradan qaldırılmasına çoxlu vaxt və güc sərf olunacaq.  Loqopedlə məşğələlərdən əlavə, uşaqla müstəqil məşğul olmaq da çox vacibdir. İlk və ən əsas qayda — uşağa yaxşı nümunə göstərin. Uşaqla çoxlu söhbət edin – sadəcə, öz işlərinizi şərh edin, hərəkətlərinizi, hisslərinizi və emosiyalarınızı təsvir edin. Birlikdə kitab oxuyun, şeir əzbərləyin – bunun nəticəsini tez bir zamanda görəcəksiniz.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan