Bizə yazın

Uşaqlarda autizm – simptomlar

03.08.2016

Kiçik yaşlı uşaqlarda autizm kimi pozuntuların simptomları əksər hallarda gizli olur. Odur ki, bu cür diaqnoz, əksər hallarda, uşağın bağçaya getdiyi vaxt – 2-3 yaşlarında qoyulur. Autizm öz-özlüyündə  beyin fəaliyyətinin pozuntusu ilə əlaqədardır və son nəticədə bu, ilk növbədə, ünsiyyət problemləri yaradır. Gəlin, bu pozuntunu ətraflı nəzərdən keçirək, uşaqlarda autizm simptomlarının nədən ibarət olduğu və 1 yaşınadək pozuntunu necə müəyyən etmək barədə danışaq. 

Autizmin əsas səbəbləri hansılardır?  

Bu cür pozuntunun əlamətlərindən danışmazdan əvvəl onun əsas səbəblərini qeyd etmək lazımdır. Bu cür əlamətlər arasında, ilk əlamətlərin sırasında həkimlər irsiliyi qeyd edirlər. Başqa sözlə desək,  əgər valideynlərdən hər hansı birində və ya onun qohumlarında bu cür pozuntu varsa, bu pozuntunun dünyaya gələcək körpədə də olacağı ehtimalı böyükdür. Həmçinin, tədqiqatların gedişində alimlər belə bir fərziyyə irəli sürüblər ki, autizm körpənin bətndaxili inkişafı prosesində baş verən pozuntularla bağlı digər xəstəliklərin fonunda baş verir. Qeyd etmək lazımdır ki, bu cür problemlə üzləşmiş valideynlərin bunu vaksinasiya ilə əlaqələndirməsi yanlış fikirdir.

Autizmin əlamətləri

Südəmər körpədə autizm simptomlarını necə müəyyən etmək barədə danışarkən qeyd etmək lazımdır ki, həmin yaş dövründə bunu etmək mümkün deyil. Bir qayda olaraq, təbabətdə bu cür pozuntuların bütün əlamətləri 3 qrupa bölünür:

  • sosial əlamətlər;
  • kommunikativ əlamətlər;
  • stereotip əlamətlər.

Uşaqlarda autizm xəstəliyinin simptomlarının birinci tipi uşağın cəmiyyətə uyğunlaşmasının pozulması ilə əlaqədardır. Bu simptomların yaranmasını valideynlər yalnız uşağın 2 yaşı olanda aşkarlaya bilərlər. Bu cür hallarda uşaq tək qalmağa üstünlük verərək öz həmyaşıdları ilə oynamaq istəmir və bəzən onlara ümumiyyətlə əhəmiyyət vermir. Əlaqə yaratmaq cəhdində uşaq, adətən, doğma və ya yad insan olmasından asılı olmayaraq, öz həmsöhbətinin gözlərinin içinə baxmır. Bu zaman o, özünə toxunmağa imkan vermir. Bu cür uşaqlar valideynlərinin olub-olmamasına müxtəlif cür yanaşır, yəni bəzi uşaqlar bu cür çatışmazlığa qarşı ifrat laqeydlik nümayiş etdirir, digərləri isə əksinə — atasının və ya anasının onun yanında bircə dəqiqə belə olmamasına dözə bilmir. Bu cür uşaqların ətrafda baş verənlərə qarşı reaksiyasını qabaqcadan təyin etmək mümkün deyil.

Uşaqlarda kommunikativ simptomlar kimi autizm təzahürləri nitq inkişafının ləngiməsi ilə, bəzən isə ünsiyyət vərdişlərinin zəifləməsi ilə təzahür olunur, yəni müəyyən məqamda onlar ətrafdakılarla daha az ünsiyyət qurur, ətrafdakılara qarşı marağını itirir. Həmçinin, bu cür pozuntuları olan uşağı ətrafda baş verənlər qətiyyən maraqlandırmır, ətraf aləm onun üçün maraqlı deyil. Körpə nadir hallarda gülümsünür və heç vaxt ətrafdakıların ona gülümsəməsinə təbəssümlə cavab vermir. Demək olar ki, bu cür uşaqlarla ünsiyyət qurmaq cəhdləri həmişə uğursuz alınır. Onların nitqində tez-tez mövcud olmayan sözlərə rast gəlmək olur, yaxud o, sadəcə olaraq, böyüklərdən eşitdiyi ifadəni daim təkrarlayır (exolaliya).

Körpə uşaqlarda autizmin stereotip simptomları (əlamətləri) olnunla səciyyələnir ki, bu cür körpələr oxşar sadə hərəkətləri, demək olar ki, durmadan təkrarlayırlar. Onlar yeni həyat şəraitinə böyük çətinliklə uyğunlaşırlar. Uşaq cəmiyyətdə ona tanış olmayan şəxslərin mövcudluğuna çətinliklə davam gətirir və gündəlik rejimə ciddi şəkildə tabedir.

Bu cür pozuntunu ilkin mərhələdə necə aşkarlamaq olar?

Uşaqlarda autizmin yüngül formasının simptomlarını aşkarlamaq son dərəcə çətindir. Bəzi valideynlər bu cür pozuntuları uşağın xasiyyəti ilə izah edərək buna heç bir əhəmiyyət vermirlər. Amma aşağıdakı əlamətlər meydana çıxdıqda hər bir ana narahat olmalı və bu problemlə əlaqədar həkimlə məsləhətləşməlidir:

  • 6 aylığında uşaq gülümsəmir;
  • 9 aylığında uşaq səsləri təqlid etmir;
  • 1 yaşında uşaq qətiyyən qığıldamır, bəzən azacıq da olsa sözləri xatırlayan heç bir səs çıxarmır, jestləri yoxdur;
  • Yaşyarımlıq uşaq heç bir söz demir;
  • 2 yaşında uşaq iki və daha artıq sözdən ibarət ifadələri tələffüz etmir.

Bu cür əlamətlər aşkarlandıqda, həkim xüsusi testlər keçirir və bu testlər uşaqda pozuntunu aşkar edərək müalicə təyin etməyə kömək edir.

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan