Bizə yazın

İki yaşlı uşağa əliaçıqlığı necə öyrətmək olar?

05.06.2016

Yəqin, iki yaşlı övladı olan hər bir valideyn övladının öz şirniyyatını və ya oyuncağını digər uşaqlarla bölüşmək istəmədiyi hallarla qarşılaşıb. Bir çox hallarda bu cür vəziyyətlər hər iki tərəf üçün xoşagəlməz sonluqla nəticələnir: uşaqlar istədiyi şeyi bir-birinin əlindən almağa çalışır, ağlayır və hətta yumruqlarını da işə salırlar. Uşağa əliaçıqlığı necə öyrətmək olar? Bunun cavabını məqaləmizdə oxuya bilərsiniz.  

Bölüşmək bacarığı və uşağın yaş dövrü

Nəyi isə əldə etmək istəyi körpə uşaqların tam təbii reaksiyasıdır. Onların həm əşyalara, həm də valideynlərə müəyyən bağlılığı yaranır. Bir yaşlı uşaq öz sevimli anasını, iki yaşlı uşaq – oyuncaq maşınını və ya gəlinciyini əlindən buraxmaq istəmir. Bəzi körpələr öz oyuncaqlarını o dərəcədə sevirlər ki, hətta köhnə oyuncaq ayı onlar üçün dünyanın bütün nemətlərindən daha dəyərlidir. Məgər onları bu ayını başqa uşaqlara verməyə məcbur etmək olarmı?

Bölüşmək bacarığı və əliaçıqlıq kimi mürəkkəb etik xüsusiyyət böyüklərdə şəfqət hissi və özünü başqasının yerinə qoymaq bacarığı ilə bağlıdır. Amma bu cür «qəhrəmanlığı» azyaşlı uşaqlardan gözləməyə dəyməz. İki yaşlı uşaq heç vaxt öz oyuncaqlarını könüllü olaraq başqa uşağın müvəqqəti istifadəsinə verməyə razı olmaz. Onun əlindən sevimli oyuncağını alıb başqa uşağa vermək mümkün deyil! Bu yaşda uşaqlar bir birinlə paralel olaraq oynayır və həmyaşıdlarının hisslərini hələ başa düşmürlər, ən çox sevdikləri söz isə «Mənimkidir!» və «Yox!» sözləridir. Amma düzgün tərbiyə üsulları tətbiq olunduqda, uşaq 4-5 yaşına çatdıqda başqa uşaqlarla dostlaşaraq öz oyuncaqlarını onlarla bölüşəcək. Yalnız 7 yaşından sonra uşaqlar özlərinə məxsus olan ən dəyərli əşyaları səmimi qəlbdən başqa insanlarla bölüşəcəklər.

Nə etməli?

Uşağa əliaçıq olmağı öyrətməyin ən yaxşı üsulu ona şəxsi nümunə göstərməkdir. Uşağa alma, dondurma və ya şirniyyat verib soruşun: «İstəyirsənmi, öz şokoladımı səninlə bölüşüm?» Küçədə gəzərkən öz şarfınızı ona təklif edin. Qızınızın sancağını götürə biləcəyinizi ondan mütləq soruşun. Öz hərəkətlərinizi təsvir etmək üçün «bölüşmək» sözündən istifadə edin. Övladınıza bildirin ki, təkcə əşyaları yox, hissləri, fikirləri və əhvalatları da bölüşmək olar.

Yatmazdan qabaq kitab oxuyarkən və ya masaüstü oyunlar oynayarkən belə bir qayda qoyun: Siz bir səhifəni çevirirsiniz, övladınız növbəti səhifəni çevirir; Siz konstruktorun bir detalını qoyursunuz, övladınız növbəti detalını qoyur. Oyuncaq ayı ilə də oynamağa çalışın: ayını qucaqlayın, sonra isə uşağa verin ki, o da qucaqlasın; ayını öpürsünüz, sonra isə uşağa verin ki, o da öpsün və s. Bu cür sadə oyunlardan sonra uşaq başa düşəcək ki, birlikdə oynamaq daha maraqlıdır, verilmiş əşyalar isə geri qayıdacaq.

Əgər öz dost-tanışınızın evinə qonaq gedirsinizsə və həmin evdə Sizin övladınızın həmyaşıdı olan uşaq varsa, öz oyuncaqlarınızı götürməyi unutmayın. Yəqin, ev sahibinin övladına məxsus olan gəlincik və ya maşınlar Sizin övladınızın da diqqətini cəlb edəcək və bu oyuncaqların sahibi əlidolu gəlmiş qonaqla öz oyuncaqlarını daha rahat bölüşəcək. Uşağa əvvəlcədən başa salın ki, evə gedəndə oyuncaqları da aparmaq olar.

Bir çox hallarda uçaqlar öz oyuncaqlarına o dərəcədə bağlı olurlar ki, onları heç kimlə bölüşmək istəmirlər. Həmin oyuncaqları yığışdırın ki, balaca qonaqlar onlara göz dikməsinlər. Əvəzində, ikilikdə oynamaq mümkün olan oyuncaqları (çay servizlərini, təbaşir və rəngləmə dəftərlərini) ortalığa qoyun.

Əgər Sizin iki övladınız varsa və onlar öz oyuncaqlarını bölüşmək istəmirlərsə, saniyəölçəndən istifadə etməklə oyuncaq mübahisəsinə son qoymaq olar. Saniyəölçəni, misal üçün, 2 dəqiqəyə qoyub oyuncaq maşını kiçik uşağa verin, böyük uşaqdan isə gözləməsini xahiş edin. Siqnal verildikdə, oyuncaq eyni müddətə böyük uşağa verilir. Əlbəttə, kiçik uşaq 2 dəqiqədən sonra maşının yenidən ona qayıdacağını dərhal başa düşməyəcək, amma əmin olun ki, bir müddətdən sonra uşaqlar yaranmış mübahisəni həll etmək üçün saniyəölçəni qoşmağınızı özləri xahiş edəcəklər.

Əgər əvvəlki üsul təsir göstərməsə, mübahisəyə səbəb olmuş oyuncağı şkafda gizlədin və uşaqlara başa salın ki, onlar bu oyuncaqdan birlikdə istifadə etməyi öyrənməyincə, oyuncaq şkafda qalacaq. Bir müddətdən sonra uşaqlar başa düşəcəklər ki, oyuncağın qaytarılmasını gözləməkdənsə, onunla birlikdə oynamaq və bir-biri ilə bölüşmək daha yaxşıdır.

Körpəyə bir neçə şirni, konfet və ya xırda oyuncaq verərək bu «nemətləri» qonaq otağındakı bütün şəxslərlə bölüşməyi ona tapşırın: «Konfeti nənənə, atana və mənə ver». Bu yolla Siz göstərirsiniz ki, birgə istifadə bir çox insanlara sevinc bəxş edir.

İki yaşlı uşağa əliaçıqlığı necə öyrətmək olar. İki yaşlı uşaqlar öz sevimli oyuncaqlarını bəzən başqalarına göstərsələr də və hətta onlara toxunmağa icazə versələr də, hələ onları başqalarına vermirlər. Uşağın hər addımını alqışlayın, «əliaçıqlığına» görə onu tərifləyin. Bu tərifdən vəcdə gələn uşaq son nəticədə yumşalaraq öz əmlakını başqaları ilə bölüşəcək.

Öz arzuları haqqında başqalarına danışmağı uşağa öyrədin. Məsələn: «Dostun maşını düzəltdikdən sonra sən onunla oynaya biləcəksən. Düzəldib qurtaranda ondan xahiş et ki, sənə versin», yaxud «Əlini uzadıb gözlə: rəfiqən gəlinciklə oynayıb yorulandan sonra sənə verəcək.». Əgər hər hansı oyuncağa görə mübahisə yaranarsa, dərhal müdaxilə etməyin – bu vəziyyəti müşahidə edin. Uşaqlar mübahisəni öz aralarında sərbəst şəkildə həll etdikdə (oyuncaqlarını dəyiş-düyüş etdikdə) şahid mövqeyi tutun. Vəziyyət gərginləşdikdə isə münaqişəni dayandırın.

Nəyi etmək olmaz?

Əgər uşaq qətiyyən bölüşmək istəmirsə, onun oyuncağını zorla əlindən alıb başqa uşağa verməyin. Əvvəla, bu köhnə və bəzi hallarda sınıq gəlincik Sizin üçün adi oyuncaq olsa da, uşaq üçün dəyərli və çox əziz bir əşyadır. İkincisi, uşaq elə başa düşəcək ki, zor və güc tətbiq etməklə hər bir insanın əlindən istənilən şeyi almaq olar. Bu zaman uşağa sadə və nəsihətamiz bir əhvalat danışın və xəsisliyin necə acı sonluqla nəticələndiyini bu əhvalatda göstərin.

Böyük uşaqları özündən kiçik bacı-qardaşına güzəştə getməyə məcbur etməyin — əks halda, onların münasibətlərində ana məhəbbəti uğrunda rəqabət və qısqanclıq yarana bilər. Sirr deyil ki, kiçik uşaq öz böyük qardaşına oxşamağa can atır. Əgər böyük qardaş topla oynayırsa, kiçiyi də bu oyuncağı istəyəcək. Amma kiçik uşağın bütün istəklərinin yerinə yetirilməsi nə dərəcədə ədalətlidir? Kiçik uşağa başa salın ki, bölüşmək bacarığı zəruri olduğu kimi, böyüklərə hörmət etmək də vacibdir.

İki yaşlı uşağa ayama qoşmayın. «Simic», «xəsis», «paxıl» və «ziyanəvər uşaq» kimi sözlər onun ləyaqətini alçaldır və tam olaraq həqiqətə ziddir. Uşağın davranışını mühakimə etsəniz də, onun özünü günahlandırmayın.

Yadda saxlayın ki, hətta iki yaşlı uşaq da müstəqil şəxsiyyətdir və onun öz vərdişləri, istəkləri və qorxuları var. Əgər o indi tam olaraq özünə qapanıbsa, düzgün tərbiyə üsulları sayəsində 4-5 yaşında o, heş bir xatırlatma olmadan başqa uşaqlarla bölüşməyin zəruri olmasına alışacaq.

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan