Bizə yazın

Uşaqda diş fırçasına və məcununa sevgi aşılanması

05.06.2016

Uşağa dişlərini təmizləməyi necə öyrətmək olar? İstənilən yaş dövründə dişlərin sağlamlığını qorumaq üçün ağız boşluğunun gündəlik gigiyenası son dərəcə vacibdir. İlk baxışdan bu sadə prosedur o qədər dı çox vaxt aparmır və hər hansı xüsusi fövqəladə bacarıq və vərdiş tələb etmir. Amma bəzən hətta böyüklər də bu proseduru mütəmadi qaydada icra etməyə tənbəllik edirlər.

usagi dis yumagi nece sevdirmek olar
Onda körpələrdən nə qözləmək olar? Axı uşaqlar bu prosedurun nə dərəcədə zəruri olduğunu bilmirlər. Uşağa hər gün, səhər və axşam dişlərini təmizləməyi necə
öyrətmək olar? Valideynlər uğurlu nəticə əldə etmək üçün hansı üsullardan istifadə etməlidirlər?

Körpənin 1 yaşı var. Ana körpəsinin dişlərini təmizləyir.

1-2 yaşlı uşaq öz dişlərini hələ özü təmizləyə bilmir. Amma sabit vərdiş yaratmaq üçün uşaq bir qədər böyüyənə qədər bu prosesi valideynlər ica edə bilər. Stomatoloqların fikrincə, uşağın artıq ilk dişləri çıxdıqda onları təmizləməyə başlamaq lazımdır. Bəzi uşaqlarda bu daha tez, bəzilərində isə daha gec baş verir. Körpənin 1 yaşı tamam olduqda isə onun ağzında artıq iki-üç diş çıxmış olur. Bu dişlər lazımi qayğı tələb edir. Uşaq öz dişlərini sərbəst şəkildə təmizləməyi öyrənənə qədər bunu onun əvəzinə valideynlərdən biri xüsusi silikon fırçanın köməyi ilə icra edir. Körpə hər səhər yuxudan oyandıqda, eləcə də axşam yatmazdan əvvəl bu prosedur icra olunmalıdır. Bu, uşağa mütləq və mütəmadi qaydada dişlərini təmizləməyi öyrədilməsinin ilk mərhələsi olacaq. Körpə bir qədər böyüdükdə isə ona sərbəst şəkildə dişlərini təmizləməyi öyrətməyə başlamaq olar.

Uşağın 2-3 yaşı var. Sağlam dişlər

Uşağa başa düşəcəyi dildə anlatmaq lazımdır ki, ağız boşluğunun gigiyenası süd dişlərinin çürüməsinə qarşı əsas mübarizə vasitəsidir. Övladınız böyüdükdə onun sağlam həyat tərzi keçirməsinə zəmin yaradan amil, Sizin hələ onun uşaqlığında onun üçün formalaşdırdığınız düzgün, sağlam vərdişlərdir. Uşağın dişləri təmizləməyə vərdiş etməsi üçün,  əhval-ruhiyyəniz nə qədər pis olsa da, özünüzü nə qədər pis hiss etsəniz də, nə qədər məşğul və yorğun olsanız da bu prosesi mütəmadi qaydada həyata keçirin. Bu işə ardıcıl və intizamlı şəkildə yanaşın. Məhz gigiyenik prosedurların mütəmadiliyi gec-tez onları vərdişə çevirir.

 Uşaq üçün diş fırçaları.

Uşağın bir neçə diş fırçası olmalıdır. Fırçaları şəxsən seçsə, daha yaxşı olar. Uşağı ilk növbədə maraqlandıra biləcəyiniz şey onun diş fırçasıdır. İndi uşağın da, anasında və atasında olduğu kimi, öz şəxsi diş fırçası var. Uşağın özünün seçim etməsinə imkan yaradın. Uşağın bir yox, bir neçə fırçasının olması daha yaxşıdır. Bu gün istehsalçılar bu uşaq gigiyenası vasitələrini son dərəcə geniş çeşiddə təqdim edirlər. Onlardan bəziləri müxtəlif heyvanlar, nağıl personajları və ya sevimli cizgi flmlərinin qəhrəmanları şəklində hazırlanır. Beləliklə, körpənin hər günü onun sevimli məşğuliyyətindən – oyundan başlayacaq. Uşaq fırçanı seçir, Siz isə onunla birlikdə bu fırça haqqında maraqlı nağıl düşünərək süjet yaradırsınız və bu zaman dişləri yaxşıca təmizləməyi unutmursunuz. Bir müddətdən sonra uşaq bunu böyük məmnuniyyətlə özü etməklə bərabər, həm də bu əyləncəli oyunu davam etdirməkdən ötrü növbəti proseduru səbirsiziklə gözləyəcək.

 

  «Dadlı» diş məcunu. Uşaqlar üçün diş məcunu.

Diş məcunu bu prosesin ayrılmaz hissəsi olduğundan, dadlı və maraqlı olmalıdır. Uşağın diş məcunu da bir neçə cür olmalı və o, diş məcununu özü seçərək oyunun süjet xəttinə üzvi surətdə daxil etməlidir. Moruq, çiyələk, alma, portağal dadlı, çəhrayı, narıncı, yaşıl rəngli diş məcunları – dadlı, maraqlı, faydalıdır. Yalnız aşkar hiss olunan nanə (mentol) dadlı diş məcunları almaq lazım deyil – bir çox uşaqlar bu cür diş məcunlarını sevmir. Uşaq diş məcununu təsadüfən udduqda, narahat olmayın: uşaqlar üçün diş məcunlarının tərkibində uşaq üçün zərərli olacaq maddə yoxdur.

Şəxsi nümunə. Ana uşağına dişləri necə təmizləməyi göstərir

Uşağa dişini təmizləməyi öz şəxsi nümunənizdə göstərin. Uşaqlar həmişə və hər bir işdə böyükləri təqlid etməyə çalışırlar və onların bu xüsusiyyətindən yararlanmaq lazımdır. Uşaq hər gün valideynlərinin öz dişlərini təmizlədiyini gördükdə, bir vaxt özü də mütləq bu işi təkrar etməyə çalışacaq. Əsas odur ki, bu prosedur üçün zəruri olan ləvazimatlar qabaqcadan alınaraq əlinizin altında olsun. dis temizleme

Oyuncaqlar da dişlərini təmizləyir. Dişləri təmizləməyi öyrədən oyuncaq

Həmçinin, uşağa dişləri təmizləməyin öyrədilməsini əyləncəyə çevirmək üçün nəzərdə tutulmuş təkmilləşdirici oyuncaq da əldə etmək olar. Əgər uşaq dişlərini təmizləmək istəmirsə, bu prosesə onun sevimli oyuncaqlarını cəlb edin. Əvvəlcə dovşanın və ayının dişlərini təmizləyin, daha sonra isə uşaqdan xahiş edin ki, Sizə kömək etsin. Bundan sonra qoy ayı və dovşan Sizin və uşağın dişlərini təmizləsinlər. Növbəti mərhələ: oyuncaqlar görmək istəyirlər ki, uşaq öz dişlərini özü təmizləməyi bacarırmı?

Uşağın 4-5 yaşı var. Ata və uşaq dişlərini təmizləyirlər.

4-5 yaşlarında bir çox uşaqlarda dişləri təmizləmək sabit vərdişə çevrilir. Valideynlər bu prosedurun keyfiyyətlə icra olunmasına diqqət yetirməyə başlaya bilərlər. Səbrli olun. Uşağa öz dişlərinə qulluq göstərməyi dərhal öyrədə bilməyəcəksiniz və bu, normal haldır. Bundan əlavə, hələ bir neçə il (təxminən, uşaq məktəb yaşına çatna qədər) Siz prosesin özünü nəzarətdə saxlamalı olacaqsınız, çünki uşaq hələ dişlərini keyfiyyətlə təmizləməyi bacarmır.

Motivasiya

Uşaq hər gün dişlərini təmizləməyin nəyə görə zəruri olduğunu başa düşməlidir. Nağıllardan və cizgi filmlərindən istifadə etməklə ona bu məlumatı aydın şəkildə çatdırmalıdırlar.

«Dişlər ölkəsi haqqında əfsanə» adlı cizgi filmi. Valideynlərə tövsiyələr

Dişlərin təmizlənməsi uşaq üçün yorucu öhdəliyə çevrilməməlidir. Bu proses oyun formasında keçirilməlidir ki, uşaq onu təkrarlamaq istəsin. Uşağın öyrədilməsinin ilkin mərhələsində Siz uşağa dişləri düzgün təmizləməyi (fırçanı düzgün tutmağı, dişlərin təmizlənməsinə nə qədər vaxt sərf etməyi və s.) öyrətməkdən daha çox, ona dişləri təmizləmək vərdişi aşılamalısınız. Əvvəlcə uşaq gördüyü işin zəruriliyini başa düşməli, maraqlanmalı, buna adət etməli və yalnız bundan sonra prosesin özünə nəzarət etməyə başlamalıdır. Odur ki, uşaq dişlərini təmizlədikdən sonra nəticəni mütləq yoxlayıb özünüz onun dişlərini sonadək təmizləyin və uşağa başa salın ki, o, bütün qorxunc ziyanvericiləri qovub çıxara bilməyib və qoy gələn dəfə fırçanı bütün dərin yerlərə də salsın ki, onlar qaçıb gizlənə bilməsinlər.

Ana və qızı dişlərini təmizləyirlər

Övladınızın dişlərinin gələcəkdə sağlam, təbəssümünün gözəl olması Sizin səbrli, inadkar və məsuliyyətli olmağınızdan asılıdır. Uşaqda dişlərini təmizləmək vərdişi tam olaraq Sizdən asılıdır. Səbrli və müəyyən dərəcədə inadkar olun. Buna mükafat olaraq, övladınızın uzun illər gözəl təbəssümlə gülümsəməyinin şahidi olacaqsınız və bu gözəl təbəssümün məhz Sizin sayənizdə qorunması fikrindən həzz alacaqsınız.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az