Bizə yazın

1 yaşlı uşağın saçının qırxılması ənənə və qaydaları

16.06.2016

1 yaşlı uşağı keçəl qırxdırmaq lazımdırmı? 1 yaşlı uşaqların saçının qırxılması ilə əlaqədar əcdadlarımızdan bizim dövrümüzə gəlib çatmış çoxsaylı fərziyyələr və inanclar.  Müxtəlif xalqların qədim ənənələri. Körpə uşaqların saçının qırxılması zamanı riayət edilməli olan qaydaların siyahı..   

Saçın qırxılması haqqında fərziyyələr

Fərziyyə №1: Saçı qırxdıqdan sonra gələcəkdə saç daha sıx olacaq.

Təkzib: Saçın sıxlığı — göz aldanışıdır. Uşaq doğulduqdan sonra daim uzanmış vəziyyətdə olur və başının tükləri, bir növ, «yeyilir». Uşağın başında saçın seyrəkliyi və keçəllik əmələ gəlir. Saçı qırxdıqdan sonra tüklər bərabər səviyyədə çıxmağa başlayır, buna görə də saç örtüyünün sıxlığı görüntüsü yaranır.

Fərziyyə №2: Uşaq 1 yaşında ikən saçı qırxıldıqda, saçları möhkəm və ipək kimi olacaq.

Təkzib: Saçların xarici görünüşü saçın qırxılmasından asılı deyil. Yalnız saçların qidalandırılması və düzgün qulluq göstərilməsi onların görkəminə, möhkəmliyinə və gözəlliyinə təsir göstərə bilər.

Fərziyyə №3: Əgər 1 yaşlı uşağın saçının bir cəngəsi kəsilib uşaq məktəbə gedərkən ona göstərilsə, uşaq mütləq yaxşı oxuyacaq.

Təkzib: Kəsilmiş saç cəngəsi uşağın əqli qabiliyyətinə heç bir təsir göstərə bilməz.

Fərziyyə №4: Əgər 1 yaşlı uşağın saçının bir cəngəsi kəsilib onun yastığının altına qoyulsa, uşaq mütləq şirin yuxular görəcək. Bu fərziyyənnin doğruluğunu hələ heç kim yoxlamayıb.

 

1 yaşlı uşağın saçını qırxdırmaq ənənələri

  • Hindistanda körpələrin saçı həmişə keçəl qırxılırdı. Dini təsəvvürlərə əsasən, saçın qırxılması keçmişlə (ana bətnindəki həyatla və körpəlik çağı ilə) vidalaşmağın və işıqlı gələcəyə doğru irəliləməyin rəmzi sayılırdı.
  • Monqolustan sakinləri uşaqların saçının qırxdırılması prosesini əsl bayrama çevirirdilər. Bu tədbirə bütün ailə dəvət olunurdu. Hər bir qonaq uşağın saçından bir cəngə kəsərək arzu diləyirdi. Bundan əlavə, bütün qonaqlar hədiyyə gətirirdilər.
  • İsraildə oğlan uşaqlarının 3 yaşı olmayınca, saçını qırxdırmırlar. Bu ölkənin ənənələri dindar olmayan bir çox ailələrdə qorunub saxlanmışdır.
  • Qədim Slavyan mədəniyyətində südəmər körpələr 1 yaşına çatmayana qədər onların saçını qırxmaq qadağan edilirdi. Hesab olunurdu ki, uşağın gücü və sağlamlığı onun saçlarındadır və əgər uşağın 1 yaşı tamam olmamış onun saçı qırxıldıqda uşaq zəifləyə və tez-tez xəstələnə, uğur və var-dövlət bu uşaqdan yan keçə bilər. 1 yaşı tamam olduqdan sonra uşağın saçını keçəl qırxdırırdılar. əcdadalar hesab edirdilər ki, bu prosedur şər qüvvələri uşaqdan uzaqlaşdırır və uşaq öz həyatının yeni mərhələsinə keçir.
  • Rusiyada maraqlı bir mərasim mövcud idi: uşağın 1 yaşı tamam olanda onun saçları xaç şəklində qırxılırdı. Mərasim ay bədirlənəndə keçirilirdi. Kəsilmiş saç cəngələri müqəddəslərin təsvirinin (ikonaların) arxasında gizlədilirdi. Hesab olunurdu ki, uşağın bu ilk saçları onu bütün həyatı boyu xəstəlik və bəlalardan qoruyacaq.
  • Saçlar uğurun rəmzi hesab olunduğundan, saç cəngəsini pul sikkələri ilə darayır və üzərindən toyuq yumurtası dığırladırdılar.
  • Körpənin saçını kəsdikdən sonra qarışqa yuvasında basdırır və bu sözləri deyirdilər: «Torpaqdan yarandı, torpağa gömüldü».
  • Qədim Slavyan inanclarında hesab olunurdu ki, uşaq ali kosmik qüvvələrlə əlaqədədir. Bu səbəbdən, uşağın başındakı tükləri “kosmos” adlandırırdılar. Bildirilirdi ki, bütün müsbət energetika uşağın qəlbinə onun saçlarından daxil olur və əgər saçlar kəsilsə, insan həyatda çox şey itirəcək.

Uşağın saçının qırxılmasına dair tövsiyyələr

usaq sacinin qirxilmasi

  1. Uşağın saçının qırxılması zamanı uşağın davranış xüsusiyyətləri nəzərə alınmalıdır. Əgər uşaq, adətən, səhərlər daha sakitdirsə, onun saçını səhər, axşamlar daha sakitdirsə, axşam qırxdırın. Uşaq tox olduqda, eləcə də günorta saatlarında yatıb yuxusunu aldıqdan sonra saçının qırxılması zamanı daha sakit olur.
  2. Uşaq xəstə olduqda onun saçını qırxdırmayın. Onun vəziyyətini pisləşdirməyin.
  3. Uşağın əhval-ruhiyyəsinə diqqət yetirin. Saçını qırxdırarkən o, yüksək əhval-ruhiyyədə olmalıdır.
  4. Uşağın saçını maşınla qırxmayın – sadəcə, qayçı ilə kəsin.  Maşın saç örtüyünün qovuqcuqlarını zədələyir və nəticədə uşağın başında tüklər seyrəkləşə bilər. Həmçinin, bu qurğunun səsi uşağınızı qorxuda bilər. Xüsusən, uşağın başını ülgüclə təmizləmək olmaz. Amma əgər uşağınızın saçını mütləq qırxmalısınızsa, trimmerdən istifadə edin – bu qurğu daha təhlükəsizdir və maşınla müqayisədə, daha səssizdir.
  5. Uşağın saçını çimdikdən sonra qırxın. Nəm saçlar daha asan qırxılır.
  6. Uşağın xoşuna gələcək şərait yaradın. Uşaqlar üçün xüsusi şəraitə malik uşaq bərbərxanalarına getmək, yaxud uşağın saçını evdə qırxmaq olar. Bu halda uşağın başını oyuncaqla, kitabla, dadlı yeməklə qatmaq olar. Uşaqla daim söhbət edin, onu dəstəkləyin. Əgər özünüz saç qırxmağı bacarmırsınızsa, xüsusi təlim görmüş bərbəri evinizə dəvət edin.
  7. Uşağın saçını qırxdıqdan sonra onu ilıq su ilə çimdirin. Uşağın bədənindəki hər bir qatı yaxşıca yuyun. Əgər qatların arasında tük qalsa, uşağın bədənini dalayaraq onu narahat edəcək.
  8. Uşağın saçını evdə qırxarkən dezinfeksiya barədə unutmayın. Alətləri mütləq təmizləyin. Uşağın saçını keçəl qırxdıqda isə başının dərisi də təmizlənməlidir. Bu məqsədlə «Miramistin» vasitəsindən istifadə etmək daha yaxşı olar.
  9. Uşağın saçını qırxarkən onu qucağınızda əyləşdirin. Qoy onu yaşlı tanışınız tutsun. Bu halda uşaq daha sakit olacaq və prosesə etibarla yanaşacaq.
  10. İmkan varsa, uşaq üçün cizgi filmi salın.
  11. Uşağı yaralamamaq üçün ucu dəyirmi qayçıdan istifadə edin.
  12. Uşağın saçını özünüz qırxdıqda bütün prosesi cəld icra etməyə çalışın. Bir yaşlı uşaqlar uzun müddət bir yerdə otura bilmirlər.
  13. Uşağın saçını ən çətin yerlərdən qırxmağa başlayın və maksimal dərəcədə ehtiyatlı davranın.

Sizin öz əhval-ruhiyyəniz də mühüm əhəmiyyət kəsb edir və körpənizə də sirayət edir. Heç bir halda əsəbiləşməyin və sakit qalmağa çalışın.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan