Bizə yazın

1 yaşına qədər uşağın inkişaf mərhələləri

03.08.2016

Uşaq düzgün böyüyüb inkişaf edirmi? Bu sual bir çox valideynləri narahat edir. Bu mövzu, xüsusən, körpə yaşlarında daha aktual olur, çünki həmin dövrdə uşaq öz həmyaşıdlarından çox az fərqlənir.  1 yaşınadək uşağın müəyyən inkişaf mərhələləri mövcuddur və bu mərhələləri araşdırmaqla uşaqda fiziki və ya psixi-emosional sapıntıların olub-olmadığını dəqiq müəyyən etmək mümkündür.

1 yaşına qədər uşağın aylar üzrə inkişaf mərhələləri

Uşağın inkişafının qiymətləndirilməsi zamanı diqqət yetirilməli olan əsas meyarlar onun fiziki vərdişləri və hərəkətləri, danışıq nitqi (səslər) və emosiyalarıdır. Uşağın doğulandan bir yaşınadək psixi inkişafı aşağıdakı qaydada cərəyan edir:

  • 1 aylıq körpə: ona tanış olan yaşlılarla ünsiyyıt zamanı gülümsəməyə çalışır; xoşuna gələn əşyaya bir müddət baxa bilər.
  • 2 aylıq körpə:  anasının təbəssümünə şüurlu surətdə təbəssümlə cavab verir; qığıldamağa başlayır; oyuncaq bir yerdən digərinə hərəkət etdirildikdə də nəzərlərini uzun müddət oyuncağın üzərində saxlayır.
  • 3 aylıq körpə:  böyük adam görəndə canlanır, bunu əllərinin və ayaqlarının fəal hərəkətləri ilə və təbəssümlə ifadə edir; başını səs gələn tərəfə çevirməyə çalışır; həzin səslə qığıldayır.
  • 4 aylıq körpə:  körpə yad adamla ünsiyyət saxlayarkən əvvəlcə gərginlik yaranır; körpə valideynlərini tanıyır və onları başqa şəxslərdən fərqləndirir; ucadan gülür; uzun müddət qığıldayır.
  • 5 aylıq körpə:  ana gözlənilmədən getdikdə ağlaya bilər; mülayim və kobud danışıq tərzini fərqləndirə bilir; uzun müddət musiqi ahəngində qığıldayır.
  • 6 aylıq körpə:  körpəni qucağa götürdükdə ağlamağı dayandırır; ayrı-ayrı hecaları tələffüz etməyə çalışır.
  • 7 aylıq körpə:  tanış və qeyri-tanış şəxsləri yaxşı fərqləndirə bilir; yad adam uşaqla ünsiyyət saxlamağa çalışdıqda ağlaya bilər; uzun müddət qığıldayır.
  • 8 aylıq körpə:  əşyaların adını anlamağa başlayır və onları baxışları ilə axtarır; eyni hecaları bir neçə dəfə təkrarlayır.
  • 9 aylıq körpə:  öz adına səslənir; böyüklərin xahişi ilə əşyanı axtarır və onu göstərir; əli ilə sadə jestlər edir (sağ ol, ver və s.).
  • 10 aylıq körpə:  böyüklərin xahişi ilə əşyanı verir; bədən üzvlərini göstərir; sözləri tələffüz etməyə çalışaraq böyükləri təqlid edir.
  • 11 aylıq körpə:  qadağaları başa düşür; məqsədyönlü şəkildə sadə sözləri deməyə başlayır və bu zaman əşyanı göstərir.
  • 12 aylıq körpə:  kiçik tələbləri (getmək (iməkləmək), nəyisə vermək və s.) yerinə yetirir; böyükləri təkcə sözlə yox, fiziki cəhətdən də təqlid edir.

Uşaq fiziki cəhətdən də çox fəal inkişaf edir. Həyatının ilk ilində o, elə böyük bir yol qət edir ki, həyatının sonrakı heç bir ilində bu yolu təkrarlaya bilmir. Həyatının ilk 12 ayı ərzində körpə bir çox şeyləri öyrənməyə macal tapır. 1 yaşınadək uşağın inkişaf mərhələləri hərfi mənada qəbul edərək, uşağın hələ nəyi isə bacarmadığı təqdirdə məyus olmaq lazım deyil. Yadda saxlamaq lazımdır ki, bütün uşaqlar fərdidir və onların inkişafı bir qədər müxtəlif şəkildə cərəyan edə bilər.

 

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az