Bizə yazın

Hamiləliyin 30-cu həftəsi

09.06.2016

Hamileliyin 30cu heftesi Hamiləliyin 30-cu həftəsi böyük əhəmiyyət kəsb edir. Əvvəla, ana bətnindəki körpə müəyyən vərdişlərə və reaksiyalara malik, demək olar ki, tam formalaşmış insandır. İkincisi, analıq məzuniyyətinə çıxmaq vaxtıdır. Üçüncüsü, doğuşa az vaxt qalır. Körpəniz indi necədir? USM-də körpənin dəqiq cizgiləri ilə bərabər, onun necə nəfəs aldığını, ana bətnindən çıxdıqdan sonra öz ilk hərəkətlərini icra etməyə necə hazırlaşdığını görmək mümkündür.

Ana özünü necə hiss edir?

Hamiləliyin 30-cu həftəsində bir çox qadınlar bətnindəki körpənin böyüməsi səbəbindən kifayət qədər narahat hisslər keçirir. Daxili orqanlarınız sıxılır, hərəkətləriniz süstləşir, yerişinizdə yırğalanma baş verir – danışıq dilində buna “ördək yerişi” deyilir. Bədəninizin ağırlıq mərkəzi öz yerini dəyişməkdə davam etsə də, kürəyinizi düz tutmağa çalışmalısınız. Maddələr mübadiləsi o dərəcədə yüksəlir ki, təkcə ilıq havada yox, kifayət qədər sərin havada da sizə isti ola bilər. Tər ifrazatı artır. Əksər hallarda sonuncu trimestrdə qadınlar anemiyadan əziyyət çəkirlər, qarın nahiyəsində qırmızı rəngli, uzunsov ləkələr peyda ola bilər. Uşaqlıq yuxarı qalxaraq göbəkdən 7,5–10,2 sm, qasıq simfizindən 29–30 sm hündürlükdə yerləşir. Bu cür yerdəyişmə nəticəsində diafraqma ürəyin üzərinə basılır və o, öz yerini dəyişərək böyrü üstə “uzanır”.  Bu səbəbdən siz tənəffüzün çətinləşməsini və təngnəfəslik hiss edə bilərsiniz.

Hamiləliyin 30-cu həftəsində dölün inkişafı

«Yaşlı» hamiləlik dövrü başlanır. Körpə artıq yuxuda yumruqlarını sıxmağı, çiyinlərini çəkməyi, üz-gözünü büzüşdürməyi və gərnəşməyui bacarır. O sizi başa düşür, xoşuna gəldiyi və gəlmədiyi şeylərə reaksiya verir. Məsələn, siz öz qarnınızı tumarlayarkən körpə buna müsbət, siqaret tüstüsü ilə dolu yerdə olduqda, yaxud düzgün vəziyyətdə oturmadıqda mənfi reaksiya verir. Normal böyümə prosesində körpənizin gözləri geniş açılaraq göz alması hərəkət edir – körpə qarnın dərisindən və əzələlərindən nüfuz edən işığa reaksiya verir (işıq nə qədər parlaq olarsa, körpə bir o qədər fəal hərəkət edir), tükləri çıxır, yuxu və ayıqlıq ritmi formalaşır, ağciyərləri isə sərbəst işləməyə hazırlaşır.

Hamiləliyin 30-cu həftəsində körpənin beyin kütləsi artır, beyin qırışlarının sayı və dərinliyi artır. Baş beyin qabığının funksiyaları isə doğulduqdan sonra inkişaf edəcək. İndi körpənin çəkisi 1,4-1,5 kiloqram, boyu isə 37–38 santimetrdir. Uşaq artıq böyük olsa da, ana bətnində öz vəziyyətini dəyişməkdə davam edir. Onun sərbəst hərəkətləri iki həftə davam edəcək, bundan sonra isə körpə başıaşağı və ya başıyuxarı vəziyyət alacaq. Hamiləliyin 30-cu həftəsində körpənin bədənindəki zərif tükcüklər tökülməyə başlayır. Bəzən onların bir hissəsi, bəzən isə böyük bir hissəsi bədəndə qalır. Bu halda kifayət qədər tüklü körpə dünyaya gəlir. Amma tük örtüyünün qalınlığı və artma intensivliyi hər bir körpədə fərdidir. Bəzi körpələrin gur saçlı, bəzilərinin isə keçəl doğulması tam normal haldır.  30 hefte UZİ

Hamiləliyin 30-cu həftəsində tərpənişlər

Hamiləliyin 30-31-ci həftəsində öz hisslərinizə, bətninizin daxilindəki hərəkətlərə, təkanlara və yumruq zərbələrinə diqqətlə yanaşmaq lazımdır. Körpənin nə dərəcədə fəal olduğunu, normal inkişaf etdiyini və hamiləliyin gedişinə nəyinsə mane olmadığını müəyyən etmək üçün onun tərpənişləri arasındakı fasilələrlə maraqlanmaq və müəyyən ölçülər götürmək lazımdır.

  • 1 saatlıq ölçü: körpənin fəal hərəkəti dövründə ən azı 6 tərpəniş.
  • 6 saatlıq ölçü: ən azı 10 tərpəniş.
  • 12 saatlıq ölçü: ən azı 24 tərpəniş.

Hamiləliyin 30-cu həftəsində su azlığı

Bu müddətdə öz vəziyyətinizə diqqətlə yanaşmalısınız. Anna üçün bu indi əsas məsələdir. Vaxtında analiz verin, USM-dən keçin və mama-ginekoloqun tövsiyyələrinə əməl edin. Bu, mümkün problemlərin qarşısını almaq üçün vacibdir. Bu dövrdə su azlığı diaqnozunun qoyulması mümkündür. Bu diaqnoz, bir qayda olaraq, dölətrafı suların 500 ml çatışmazlığı zamanı qoyulur. Bu, suyun sorulması və ya yaranması prosesinin pozulması ilə əlaqədar ola bilər. Həmçinin, bu hal qadının orqanizmində hər hansı pozuntuların baş verməsindən xəbər verə bilər. Həkim bu diaqnozu yalnız tam müayinə apardıqdan sonra qoya bilər. Hamilə qadın üçün xüsusi müalicə təyin olunur.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan