Bizə yazın

Qadınlarda sonsuzluq

03.08.2016

Əgər cütlük illərdir artıq mütəmadi qaydada cinsi əlaqədə olursa və bu zaman hamiləliyə qarşı heç bir vasitələrdən istifadə olunmursa, lakin hamiləlik baş vermirsə, bu cür cütlük sonsuz hesab olunur. Sonsuzluğun səbəbkarı, eyni dərəcədə, həm kişi, həm də qadın ola bilər. Cütlükdə kimin sonsuz olduğunu necə müəyyən etmək olar? Əksər hallarda, ilk əvvəl kişi yoxlanır, amma əgər qadında açıq-aşkar çatışmazlıq varsa, müayinəni qadından da başlamaq olar.

Qadınlarda sonsuzluq və onu necə müəyyən etməli?

Əgər cütlüyün övladının olmamasının səbəbi qadın sonsuzluğudursa, bunun əsas simptomları menstrual tsiklin müxtəlif pozuntularıdır. Qadın sonsuzluğunun ilk əlaməti kimi, menstrual tsikl qeyri-mütəmadi olur, yaxud menstruasiya ümumiyyətlə baş vermir. Aybaşının qeyri-mütəmadi olması ovulyasiyanın pozulması ilə əlaqədar ola bilər (bunu bazal temperaturu ölçməklə müəyyən etmək olar). Əgər ovulyasiya varsa, digər bir səbəb prohesteronun çatışmazlığı ilə əlaqədar ola bilər – bu çatışmazlıq tsiklin ikinci mərhələsinin qısalması ilə müəyyən olunur. Hormonal pozuntuların və mümkün sonsuzluğun daha bir simptomu aybaşı zamanı ifrat qanaxmadır. Normal menstrual tsikl zamanı hətta qadının yaşının 35-dən yuxarı olması da sonsuzluq riskidir.

Qadının çəkisinin həddən artıq olması qadın cinsiyyət orqanlarının səviyyəsinə təsir göstərir, amma pəhriz və aclıq nəticəsində çəkinin azalması orqanizmin taqətdən düşməsinə, menstrual tsiklin pozulmasına və sonsuzluğa səbəb ola bilər. Qadının hormonal fonunun pozulmasının və ehtimal olunan sonsuzluğunun mümkün simptomlarından biri bədəndə (qasığın yuxarısında, sifətdə və ətraflarda) tüklərin həddən artıq çox bitməsidir. Digər mümkün əlamətlər qadın cinsiyyət orqanlarının iltihab simptomlarıdır (ağrılar, cinsiyyət yollarından patoloji ifrazatlar). Amma sonsuzluğun səbəbini tam dəqiq müəyyən etmək üçün ginekoloq tərəfindən lazımi qaydada müayinə olunmaq lazımdır (yaxma və müayinə, menstrual tsiklin müxtəlif günlərində USM, laboratoriya üsulu ilə qadının hormonal fonunun müəyyən edilməsi).

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan