Bizə yazın

Ovulyasiyanın başlama vaxtı və onu necə müəyyən etməli?

05.08.2016

«Ovulyasiya» termini menstrual tsiklin əsas mərhələlərindən biridir. Bu zaman qadın orqanizmində yumurtalıqdakı yetkin follikul partlayır. Bundan sonra mayalanmaya hazır olan yetkin toxum hüceyrəsi qarın boşluğuna düşür. Ovulyasiya dövrü başlandlqda, yumurtalığın follikulu böyüyür və lazımi ölçüyə yetdikdə, follikulda partlayış baş verir. Toxum hüceyrəsi çıxaraq fallopiya borusu ilə uşaqlığa doğru irəliləyir. Onun mayalanması məhz bu dövrdə baş verə bilər – əks halda, 12-24 saat ərzində məhv olacaq. Sağlam qadın uşağa qalmağa qadir olur – bu o deməkdir ki, onun orqanizmində, ilk menstrual tsiklin başlandığı andan mütəmadi olaraq ovulyasiya baş verir. Bütün bu müddət ərzində ovulyasiya ritmi daimi qalaraq yalnız 40 ildən sonra, yəni orqanizm klimalkterik dövrdən əvvəlki dövrə hazırlaşmağa başladıqdan sonra dəyişikliklərə uğrayır.  Bundan əlavə, abortdan və ya doğuşdan sonra müəyyən müddət ərzində ritm qeyri-sabit qalır. Menstrual funksiya səngidikdən sonra və hamiləliyin başlandığı məqamda ovulyasiya dayanır.

Ovulyasiyanın hansı gün başlaması haqqında məlumat mühüm əhəmiyyət kəsb edir, çünki məhz bu məlumat təbii və süni mayalanma və EKM üçün ən uyğun vaxtı seçməkdə kömək edir. Adətən, menstrual tsikl sabit olduqda, toxum hüceyrəsi hər 21-35 gündə bir dəfə yetkin follikuldan çıxmağa hazırlaşır. Halbuki, cüzi sapıntılar da mümkündür ki, bu sapıntılar da müəyyən dərəcədə normal hesab olunur.

Ovulyasiyanın başlanmasının müəyyən edilməsi üsulları

Ovulyasiyanın nə vaxt başlayacağını necə müəyyən etmək barədə suala cavab axtaranlar bu prosesin gedişinin müəyyən edilməsi üçün bir neçə üsuldan istifadə edə bilər.

Təqvim üsulu — Bu üsulda menstruasiyanın təqvim tarixləri elə hesablanır ki, 28 günlük tsikldə ovulyasiya 13-14-cü gün, 30 günlük tsikldə isə 15-16-cı gün baş verir. Bu üsulun etibarlılığı təxminən 30%-dir, çünki müasir qadınlarda bu tsikl nadir hallarda sapıntısız baş verir. İldə 1-2 dəfə isə toxum hüceyrəsi ümumiyyətlə mayalanmaya hazır olmur. Məlumdur ki, bu prosesin ərəfəsində və onun cərəyan etdiyi dövrdə uşaqlıq boynundan gələn ifrazatlar daha qatı olur. Odur ki, qadın bu amili müşahidə etdikdən sonra uşağa qalmağa hazır olub-olmadığını müəyyən dərəcədə əminliklə söyləyə bilər.

Bazal temperaturubun ölçülməsi üsulu — Bu üsulun köməyi ilə ovulyasiyanın baş verməsini necə anlamaq olar? Bir ay ərzində hər gün, yataqdan qalxmadan, rektal (düz bağırsaqdakı) temperaturu ölçmək və əldə olunmuş nəticələr əsasında qrafik tərtib etmək lazımdır. Digər günlərdə nisbətən sabit olan temperatur ovulyasiya günündə ən aşağı səviyyədə olur, növbəti gün isə kəskin şəkildə artır. Qrafikin dəqiqliyinə əmin olmaq və ən azı 90% ehtimalla uşağa qalmağa hazır olmaq üçün 1-2 menstrual tsiklin «monitorinqi» aparılmalıdır.

Müasir, rahat, effetiv test-indikator toxum hüceyrələrinin nə vəziyyətdə olduğunu müəyyən etməkdə qadınlara kömək edir. Bu test yüksək hormon tərkibinə reaksiya verir. Bu hormonların yaranması prosesin başlanmasından xəbər verir, özü də ovulyasiyanın başlanmasının dəqiq əlamətlərini o, istər sidikdə, istərsə də tüpürcəkdə aşkarlaya bilər.

Ovulyasiyanın başlanmasının əlamətləri

Qarnın aşağı hissəsində yaranan qısamüddətli ağrılar qadın orqanizmində ovulyasiya prosesinin başlanmasının ən ilk subyektiv əlamətləridir. Tədricən ovulyasiya əlamətləri daha aşkar nəzərə çarpır. Uşaqlıq yolundan çıxan ifrazatlar daha da intensivləşir, bazal (rektal) temperaturun göstəriciləri bilavasitə ovulyasiya günü aşağı düşür və növbəti gün qanın plazmasında artır.
USM zamanı bu dövrdə follikulların dəyişilməsi dinamikasını müşahidə etmək mümkündür – onlardan biri tədricən partlayır və toxum hüceyrəsi çıxır. Bütün bu əlamətləri izləməklə və bu vəziyyəti müəyyən etmək üçün müxtəlif üsullardan istifadə etməklə ovulyasiyanın hansı günə təsadüf edəcəyini təyin etmək heç də çətin deyil.

Ovulyasiyanın başlamasına necə kömək etmək olar?

Hərtərəfli müayinədən sonra həkimin təyin etdiyi süni stimulyasiyadan başqa, heç bir üsulla ovulyasiyanın başlamasına kömək etmək mümkün deyil.  «Ovulyasiyanın başlamasına necə kömək etmək olar?» sualına konstruktiv cavab yoxdur. Hər şey ana təbiətin üzərinə düşür, qadınlar isə yalnız öz vəziyyətinə, menstrual tsiklin gedişinə və öz səhhətinə nəzarət etmək üçün müxtəlif üsullardan istifadə edə bilərlər.

Əsas məsələ – aybaşından sonra ovulyasiyanın nə zaman baş verəcəyini bilmək və mütəmadi olaraq mayalanma cəhdlərini icra etməkdir. Məlumat üçün bildirək ki, insanlar heyvanlar qədər çox doğa bilmir və hər bir sağlam qadın hər ay 3 şansdan birində hamilə qalmaq imkanına malikdir. Yaş ötdükcə bu imkan daha da azalır. Yalnız bu məsələyə səriştəli yanaşmaqla, zəruri biliklər əldə etməklə və öz orqanizmini son hüceyrəsinə qədər hiss etməyi bacarmaqla, onun bütün daxili proseslərini ətraflı araşdıraraq hər bir çətinliyin öhdəsindən gəlmək mümkündür.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az