Bizə yazın

Kişi sonsuzluğu

03.08.2016

Əgər il ərzində cütlük kontraseptiv vasitələrdən istifadə etmirsə, amma bu zaman uşağa qala bilmirsə, bu halda həmin cütlüyün cinsi funksiya ilə problemlər yaşadığını ehtimal etmək olar.  Bunun səbəbi həm qadın, həm də kişi sonsuzluğu ola bilər. Bunun səbəbi 40% hallarda qadın xəstəlikləri, 45% hallarda kişi sonsuzluğu amili, qalan 15% hallarda isə cütlüyün orqanizm uyğunsuzluğunun immunoloji formaları və digər sonsuzluq formalarıdır. Bu günkü gün ən çox yayılmış sonsuzluq növü – kişi sonsuzluğu üzərində ətraflı dayanaq.

Kişi sonsuzluğunun növləri

Kişi sonsuzluğunun aşağıdakı növləri ayrılır:

  1. İmmunoloji – bu halda kişinin orqanizmində spermatozoidlərə və ya yumurta toxumalarına qarşı anticisimlər yaranmağa başlayır.
  2. Sekretor – sonsuzluğun bu növündə spermatozoidlərin miqdarı, keyfiyyəti və mütəhərrikliyi azalır.
  3. Obturasion – bu, spermatozoidlərin çıxışına şiş, kista, yaxud əməliyyatdansonrakı çapıq kimi amillərin mane olması ilə əlaqədardır.
  4. Nisbi sonsuzluq – bu cür sonsuzluğun aşkar səbəbləri müəyyən edilmir. Sonsuzluğun bu növü stressin təsirindən yarana bilər.

Hal-hazırda kişi sonsuzluğunun adı çəkilən bütün növləri müalicə olunur. Kişi sonsuzluğunun həm diaqnostikası, həm də müalicəsi qadın sonsuzluğundan qat-qat asandır.

Kişi sonsuzluğunun səbəbləri və simptomları

Kişi sonsuzluğu ən müxtəlif səbəblərlə bağlı ola bilər. Bu səbəblər aşağıdakı qruplara ayrılır:

  • xayaların xəstəliyi, o cümlədən onların anormal inkişafı, zədələnmə, infeksion təsirlər;
  • hormonal səbəblər, o cümlədən testosteronun və ya qalxanvari vəzi hormonlarının aşağı səviyyədə olması;
  • spermanın yaranması funksiyasının pozulması;
  • fiziki təsir, yaxud toksinlərin, məsələn, radiasiyanın və ya kimyəvi maddələrin təsiri;
  • sperma ifrazatı ilə əlaqədar problemlər – spermadaşıyıcı kanalların tutulması, cinsiyyət üzvünün infeksiyası, eyakulyasiya problemləri, xayalıq damarlarının varikoz genişlənməsi;
  • xromosom pozğunluğu, yaxud irsi pozğunluq;
  • ümumi xəstəliklər, o cümlədən qaraciyər serrozu, böyrək xəstəlikləri, qeyri-kafi qidalanma;
  • tibbi preparatların və narkotik maddələrin, o cümlədən psixiatriyada istifadə olunan maddələrin, anabolik steroidlərin, spirtli içkilərin və digər preparatların qəbulu.

Bir qayda olaraq, kişi sonsuzluğunun əlamətləri özünü heç cür büruzə vermir. Hormonal pozuntular olduqda, xəstələrdə saçların böyüməsi ləngiyə, səsi dəyişə, yaxud seksual problemlər yarana bilər.

Kişi sonsuzluğunun müalicəsi

Kişi sonsuzluğunun diaqnostikası sperma analizinin verilməsindən və ya spermoqramdan başlanır. Bundan əlavə, həkim xəstəliyin anamnezini ətraflı şəkildə öyrənir, o cümlədən kişinin ümumi və cinsi inkişafının xüsusiyyətlərini müəyyən edir, onun hansı xəstəliklər keçirdiyini, hansı kənar təsirlərə məruz qaldığını aydınlaşdırır. Bundan sonra sonsuzluğun səbəblərini müəyyən etmək üçün orqanizmin vəziyyətinin ümumi müayinəsi aparılır. Əldə olunmuş məlumatlar əsasında səciyyəvi tədqiqatların, məsələn, xayalığın və xayalarının USM-nin, genetik testləşmənin aparılması, spermanın funksional fəallığının təyin edilməsi, xayaların biopsiyası tələb oluna bilər. Hər bir konkret halda müalicə üsulu fərdi qaydada seçilir. Sonsuzluğun səbəbi dəqiq müəyyən edildikdə, imkan daxilində onu aradan qaldırmağa çalışırlar. Ayrı-ayrı hallarda sonsuzluğun səbəbini müəyyən etmək, yaxud problemi aradan qaldırmaq mümkün olmur.

Kişi sonsuzluğu amili ilə əlaqədar bu cür hallarda cütlüyə köməkçi reproduktiv texnologiyalar, o cümlədən EKM təklif olunur. Bu və ya digər üsulun seçilməsi kişinin səhhətindən, sonsuzluğun səbəblərindən, qadının problemlərindən asılı olur. Kili sonsuzluğu zamanı EKM tətbiq edildikdə, toxum hüceyrələri cərrahi üsulla qadından alınaraq laboratoriya şəraitində sperma ilə qarışdırılır, sonra isə qadının uşaqlığına «əkilir». Ən sadə üsul uşaqlıqdaxili mayalandırmadır. Bu halda kişi spermasının nümunəsi laboratoriyada tədqiq olunaraq ovulyasiya zamanı uşaqlığa yeridilir. Ən müasir üsul spermanın sitoplazmadaxili yolla yeridilməsidir: bu zaman xayalardan sperma götürülür və spermatozoidlər toxum hüceyrələrinə daxil edilir. Bu texnologiyanın tətbiqi, hətta spermatogenezin ən ağır pozuntuları zamanı da arzuolunan nəticəyə nail olmağa kömək edir

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan