Bizə yazın

Hamiləlik dövründə dölün tərpənməsi

05.06.2016

Şübhəsiz ki, bütünlüklə hamiləlik dövrü ərzində ən çox gözlənən və arzu olunan məqam, ürəyin altında dölün ilk tərpənişlərinin hiss edildiyi məqamdır. Bu hissi təkcə gələcək analar deyil, həm də gələcək atalar, həyəcan və səbirsizliklə gözləyirlər.

Qadının öz gələcək övladının ilk tərpənişini nə vaxt duyacağını bilmək hamiləliyə nəzarət edən həkim-ginekoloq üçün də vacibdir. Bu tarixə əsaslanaraq həkim doğuş vaxtını təxmin edəcək və hamilə qadını da buna hazırlayacaq. Bu tarix ultrasəs müayinəsi haqqında məlumatlarla müqayisə olunacaq. İlk hamiləlik zamanı dölün ilk tərpənişi, bir qayda olaraq, 20-ci həftədə hiss olunur. Yəni dölün ilk tərpənişindən düz 20 həftə sonra doğuş başlamalıdır. Hamiləlik ikinci və ya üçüncü olduqda isə, ilk tərpəniş hissiyyatı iki həftə tez yaranır və beləliklə də, doğuş da iki həftə sonra, yəni 22-ci həftədə başlamalıdır. Əslində, döl ana bətnində öz ilk tərpənişlərinə artıq hamiləliyin 8-ci həftəsində başlayır, amma döl çox kiçik olduğundan, bu tərpənişlər o qədər zəif olur ki, qadın onları hələ hiss edə bilmir. Yalnız zaman keçdikcə, körpə qüvvə topladıqca onun hərəkətləri tədricən daha da güclənir.

 Dölün tərpənişini necə müəyyən etmək olar?

dölün tərpənməsi. Dölün ilk tərpənişini hiss etmək bəzən çox asan, bəzən isə çox çətin olur. Gələcək analar, bir qayda olaraq, bu hissi təsvir etmək üçün sözləri çətinliklə seçirlər. Bəzi analar bunu son dərəcə romantik şəkildə təsvir edirlər: «Sanki ovcuma qonmuş kəpənək öz qanadlarını yellədir». Digərləri isə bunu daha sönük və sadə dildə ifadə edir: «Qarnımda qurultu his edirəm».

İstənilən halda, gənc ananın öz gələcək övladının ilk tərpənişində nə hiss etməsindən asılı olmayaraq, bu, onun vəziyyətində mümkün olan ən şirin və incə bir hiss kimi xatirəsində əbədi yaşayacaq. Bəzi gələcək analar isə məhz bu hadisədən sonra özlərini əsl ana hiss edirlər.

Bəzi hallarda isə ana bətnindəki körpə o dərəcədə fəallaşır ki, ana bu tərpənişlərin nə zaman bitəcəyini səbirsizliklə gözləyir, çünki bu tərpənişlər narahatlıq yaratmaqla bərabər, həm də dözülməz ağrı verir.

Körpənin ana bətnindəki fəallığı nədən asılıdır?

Alimlərin çoxsaylı tədqiqatları nəticəsində müəyyən edilib ki, körpənin xasiyyəti hələ ana bətnində formalaşır və bu da verilən sualın cavabıdır. Körpənin tərpənişlərinin və hərəkətlərinin xarakteri bilavasitə onun xasiyyətindən asılıdır. Doğrudur, bu amillər heç də hər zaman bir-birinə uyğun gəlmir. Bəzən ana bətnində körpənin hərəkəti onun əhval-ruhiyyəsindən, inkişafından və səhhətindən asılı olur.

Bu, gələcək ananın üzərinə yeni bir məsuliyyət qoyur – o, artıq indidən öz uşağını başa düşməyi öyrənməli, onun nəyə görə məhz bu cür hərəkət etdiyini bilməli, onun bütün hərəkətlərini təhlil etməlidir. Bu dövrdə normadan hər hansı sapımtıları qeydə almaq vacibdir.

Hamiləlik zamanı tərpənişlərin norması

Körpənin hərəkət fəallığı bir çox müxtəlif amillərdən asılı ola bilər:

  • günün vaxtından (bir çox hallarda körpələr ana bətnində məhz gecə və ya axşam saatlarında fəallaşırlar);
  • hamilə qadının psixi vəziyyətindən (qadın stress vəziyyətində olduqda, yaxud qorxu keçirdikdə uşaq gizlənə və ya əksinə, fəal hərəkətlərə başlaya bilər);
  • ananın fiziki yorğunluğundan (adətən, qadın istirahət etdikdə körpə, bir qayda olaraq, fəallaşır);
  • hamiləlik dövründə qadının qidasından (ana aclıq hiss etdikdə döl fəallaşır – körpə, həmçinin, anası qida qəbul etdikdən, xüsusən də şirniyyat yedikdən sonra da fəallaşa bilər);
  • kənar səslərdən (uca səslərdə uşağın hərəkəti güclənə bilər, yaxud əksinə – uşaq yorucu səslər eşitdikdə gizlənə bilər);
  • ananın hansı vəziyyət almasından (əgər gələcək ana uzun müddət narahat vəziyyətdə qalıbsa, uşağın hərəkətləri güclənə və ağrılı ola bilər).

Sutka ərzində tərpənişlərin standart norması mövcud deyil. Orta hesabla, qadın ayıq olan zaman saatda 10-15 təkan hiss edə bilər. Amma ardıcıl 2-3 saat ərzində heç bir tərpənişin olmaması da normal hesab edilir. Çox güman ki, bu müddətdə körpə yuxuda olur.

Dölün tərpənişi nədən xəbər verir? 

Gələcək ananın bətnində yeni həyat inkişaf edir və bu, tam təbii şəkildə, hərəkətlərdə özünü büruzə verir. İnkişaf etməkdə olan körpə öz əhvalının yaxşı və ya pis olması, aldığı vəziyyətin rahat və ya narahat olması barədə təkanlar vasitəsi ilə xəbər verir.

Bəzən körpə ana bətnində hıçqırır. Bu zaman onun üçün heç bir narahatlıq və ya təhlükə yaranmır. Gələcək ana isə körpənin hıçqırıqlarını öz bətnindəki ritmik təkanlar şəklində hiss edəcək. Bu cür təkanlar mütəmadi qaydada, gündə bir neçə dəfə hiss oluna bilər.

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan