Bizə yazın

Hamiləlikdə vacib və qadağan qidalar

16.06.2016

Hər gün hamilə qadınların masası üzərində bir neçə qrupa aid məhsullar olmalıdır. Bu zaman onların arasındakı tarazlıq pozulmamalıdır. Bu aşağıdakılardır.

hamilelik qidasiZÜLALLAR — dünyaya gələcək körpənin orqanizmi üçün əsas inşaat materialıdır. Heyvan mənşəli zülallar daha faydalı hesab olunur. Odur ki, hər gün təxminən 150 qram ət (mal və qoyun əti və ciyəri), yaxud balıq və ya quş (dərisiz), yaxud iki yumurta yeməlisiniz.

KARBOHİDRATLAR — əzələlərin və daxili orqanların işi üçün yanacaq rolunu oynayır. Əksər hallarda karbohidratlar orqanizmimizə makaronun, düyünün, çörəyin, kartofun, quru meyvələrin tərkibindəki mürəkkəb şəkərlər vasitəsi ilə daxil olur.

YAĞLAR yağda həll olan A, D, E, K vitaminlərinin mənimsənilməsində qadın orqanizmi üçün çox vacibdir. Bundan əlavə, yağlar baş beynin, sinir sisteminin və bütün embrion hüceyrələrinin inkişafında iştirak edir. Onların daxilolma mənbələrini çeşidləmək daha yaxşıdır – məsələn, tərəvəz salatının üzərinə növbə ilə qarğıdalı, günəbaxan və raps yağı süzmək olar. Tərəvəz, ət və ya balıq yağsız hazırlandıqda isə, onların üzərinə bir qədər kərə yağı qoyulmalıdır.

KALSİUM. Kalsium körpənin sümüklərinin və dişlərinin formalaşması üçün zəruridir, buna görə də hamiləlik dövründə kalsiuma tələbat gündə 1200 mq-dək artır. Kalsiumu, əsasən, süd məhsullarından – süddən, kəsmikdən, qatıqdan, pendirdən almaq olar. Kalsium, az miqdarda da olsa, meyvə-tərəvəzin tərkibində də olur. Əgər süd içməyi sevmirsinizsə, südü müxtəlif yeməklərə – tərəvəz püresinə əlavə edə bilərsiniz.

D VİTAMİNİ kalsiumun mənimsənilməsinə kömək edir. O, yağlı balıq növlərinin, yumurtanın və üzlü süd məhsullarının tərkibində olur. Amma D vitamininin əsas hissəsi günəş şüalarının təsiri ilə dərimizin altında yaranır, buna görə də həkimlər gələcək analara daha çox gəzintiyə çıxmağı tövsiyə edirlər.

DƏMİR. Bu element gələcək ana və onun körpəsi üçün zəruri olduğundan, ona xüsusi diqqət yetirmək lazımdır. Dəmirin mənbəyi mal ətindən hazırlanmış məhsullar, qaraciyər və xüsusi preparatlardır. Tədqiqatlar göstərir ki, qadınların 20%-də hamiləliyin əvvəlində dəmir ehtiyatı olmur, gələcək anaların təxminən 40%-də isə həkimlər qanazlığı aşkar edirlər.

Qadağandır:

hamileye olmaz

  • Çiy ətdən və ya balıqdan hazırlanmış yeməklər (tartar, karpaçço)
  • Turşuya qoyulmuş və ya çiy balıq, o cümlədən susi
  • Hisə verilmiş və turşuya qoyulmuş ət
  • Tərkibində çiy yumurta olan yeməklər (qoqol-moqol)
  • Təzə çiy süddən hazırlanmış məhsullar (o cümlədən, pendir)
  • Spirtli içkilər.

 

Vegetarian pəhrizi sağlamlıq üçün təhlükəsizdir, bir şərtlə ki, ətdən və balıqdan imtina edən hamilə qadın öz qidasında yumurtadan, süd məhsullarından, balıqdan istifadə etsin. Sırf vegetarian yeməkləri amin turşuları və vitamin çatışmazlığına və bununla əlaqədar problemlərə səbəb ola bilər. Bu halda hamiləliyə nəzarət edən həkim vitamin-mineral komplekslərin qəbulunu təyin edəcək.  

Hamilə qadınların qidası: təhlükəsizlik qaydaları

Sadə gigiyena qaydalarına əmək etməklə Siz özünüzü qida zəhərlənmələrindən qoruya bilərsiniz. Ərzaq məhsullarını soyuducuda saxlamaq, meyvə-tərəvəzi yumaq, pis qızardılmış və ya tam bişməmiş ərzaq, çiy yumurta və istifadə müddəti bitmiş ərzaqları yeməmək haqqında ümumi məsləhətlərdən əlavə, bir neçə zəruri tövsiyyələr də var.

  • Pendir. Pasterizə edilmiş süddən hazırlanan pendirə, bərk və ya əridilmiş pendir növlərinə üstünlük vermək lazımdır. Pendirin üz qabığını kəsmək daha yaxşıdır.
  • Kəsilmiş (çəki ilə satılan) məhsul almayın – hazır vakuumlu qablaşdırılmış ərzaqlara üstünlük verin.
  • Dəniz məhsullarını və çiy balıqdan hazırlanmış yeməkləri yeyərkən onların keyfiyyətinə tam əmin olmaq lazımdır.
  • Ən azı həftədə bir dəfə soyuducuda hərtərəfli yır-yığış edin.
  • Əti və balığı mütləq isti emal etmək, yaxşıca qızdırmaq lazımdır. Amma artıq hazır yeməkləri qaynatmaq və soyuducuda 24 saatdan artıq saxlamaq olmaz.
  • Çiy süd içməyin: bütün süd məhsulları pasterizə və ya sterilizə edilmiş olmalıdır.
  • Qaraciyərdən hazırlanmış yeməkləri həftədə bir dəfədən çox yeməyin. Unutmayın ki, qaraciyərin daxilində zərərli maddələr toplanır və o, kimyəvi laboratoriya kimi, həmin maddələri təmizləyir.
  • Dondurulmuş məhsulları izotermik paketdə daşıyın. Onların donunu soyuducuda açın və bir daha dondurmayın.
  • Tərəvəzi, əti və hazırlanmış yeməkləri ayrıca saxlayın.
  • Əgər çiy əti və ya balığı doğradıqdan sonra salat doğramalısınızsa, əllərinizi yumağı unutmayın. Müxtəlif məhsullar üçün müxtəlif bıçaqlardan və ət doğramaq üçün taxtalardan istifadə edin.
Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan