Bizə yazın

Doğumdan sonrakı çapıqlar

03.08.2016

Uşaq dünyaya gəldikdən sonra qadının bədəni dəyişilir. Onun fiquru lazımi yerlərdə yumrulanır, piy toxuması ehtiyatları yaranır. Keçmiş hamiləlikdən sonra dərinin vəziyyəti də dəyişilir. Çapıqlar və ya gərilmələr, yəni dəri örtüyündə xoşagəlməz kosmetik qüsurlar yaranır. Doğuşdan sonrakı gərilmələr nədən yaranır və onların yaranmasının qarşısını almaq mümkündürmü? Bu bölmədə bu haqda aydınlıq gətirməyə çalışaq.

Çapıqların yaranma səbəbləri

Çapıqlar – tünd qırmızı və qəhvəyi xəttlər şəklində yaranan dəri qüsurudur. Dəri örtüyünün bu cür dəyişilməsi hamiləlik zamanı, cinsi yetkinlik dövründə, eləcə də orqanizmdəki hormonal dəyişikliklərlə müşayiət olunan digər məqamlarda baş verir. Bəzi hallarda gərilmələr ciddi pəhriz fonunda çəkinin sürətlə itirilməsi nəticəsində, yaxud ağır xəstəlik keçirdikdən sonra baş verir. Çapıqların yaranması dərinin elatsikliyinin itirilməsindən xəbər verir.  Bu cür dəyişikliklər dəri örtüyünün tərkibindəki vacib elementlərin – kollagenin və elastinin zədələnməsi ilə bilavasitə əlaqədardır. Bu vəziyyətin birbaşa səbəbkarı kortizoldur. Bu hormon bütünlüklə hamiləlik dövründə böyrəküstü vəzilərdə fəal şəkildə yaranaraq kollagenin və elastinin parçalanmasına səbəb olur. Beləliklə, çapıqlar, yəni hər bir qadın üçün ciddi kosmetik qüsur hesab olunan kobud dəri dəyişikliyi yaranır.

Çapıqların yaranmasına səbəb olan amillər:

  • irsiyyət;
  • çəkinin əhəmiyyətli dərəcədə dəyişilməsi;
  • maddələr mübadiləsinin pozulması.

 Simptomlar

Çapıqlar hamiləliyin ikinci yarısında baş verir, doğuşa qədər qalır və ömrün sonuna qədər itmir. İlk əvvəl çapıqlar tünd qırmızı rəngli, kobud xətlərdən ibarət olur. Tədricən dəridəki çapıqlar ağararaq mirvaridən ağımtıl-qəhvəyi rənginədək dəyişir. Doğuşdan bir neçə il sonra çapıqlardan yalnız azacıq nəzərə çarpan iki ağımtıl çapıq qalır. Çapıqların baş verdiyi səciyyəvi yerlər qarnın, budların, ombaların və sinənin dərisidir. Məhz bu nahiyələrdə dəri örtükləri maksimum gücə düşür və daha çox gərilir. Əkiz uşağa hamilə qaldıqda, su çoxluğunda, iri dölün doğuşunda çapıqlar yaranma riski bir neçə dəfə artır.

Profilaktika

Hamiləlik zamanı çapıqların yaranmasının qarşısını almaq mümkündürmü? Buna cəhd eləmək olar, amma 100%-lik nəticədə əmin olmaq mümkün deyil. Çapıqların yayılması, əksər hallarda, irsiyyətlə və dərinin fərdi xüsusiyyətləri ilə şərtlənir. Bəzi qadınlar körpəni bətnində gəzdirərək heç bir çapıq olmadan dünyaya gətirirlər, digər qadınlarda isə çapıqlar elə ilk doğuşdan sonra yaranır. Hal-hazırda mövcud olan bütün profikaltik üsullar yalnız gərilmələrin yaranma riskini azalda bilər – onlar çapıqların ümumiyyətlə yaranmayacağına zəmanət vermir.

Xüsusi kosmetika

Müasir qadınların ehtiyatında, dəri üzərində kobud çapıqlar yaranmasının qarşısını ala biləcək çoxsaylı vasitələr mövcuddur. A və E vitaminlərinin əsasında hazırlanmış kremlər müsbət təsirə malikdir. Bu vasitə bud, omba, qarın və sinə nahiyəsinə, yəni dərinin dəyişilməsi ehtimalının yüksək olduğu yerə sürtülür. Kremi duş qəbul etdikdən sonra, birbaşa yatmazdan əvvəl sürtmək daha yaxşıdır. Gərilmə əleyhinə kremlərdən artıq hamiləliyin erkən mərhələlərində istifadə etməyə başlamaq olar. Əsas oldur ki, seçilmiş vasitədən gələcək anaların istifadəsinə icazə verilsin və döl üçün təhlükə törətməsin. Uşaq doğulduqdan sonra 3-6 ay ərzində kremi dəriyə sürtməkdə davam etmək məsləhət görülür.

Hərəkət fəallığı

Hamilə qadınlar üçün nəzərdə tutulmuş xüsusi gimnastika dərinin elastik xüsusiyyətlərini artırmağa kömək edəcək. Yoqa, pilates və bu kimi digər məşğələlər gərilmələrin yaranmasının qarşısını almaqla bərabər, həm də doğuşa qədər bədəni tonusda saxlamağa imkan verəcək. Hovuzda məşğələlər (sərbəst üzgüçülük və ya akvaaerobika) da yaxşı kömək edir.

İsti-soyuq duş

Çapıqların qarşısının alınması üçün ən sadə və əlverişli üsul hər gün isti-soyuq duş qəbul etməkdir. Soyuq və isti suyun növbələnməsi dəri örtüyünün tonusunu artırır və dərinin elastikliyini yüksəldir. Duş qəbul edərkən problemli nahiyələri əllə və ya massaj əlcəyi ilə yüngülcə massaj etmək olar.

Hamilə qadınlar üçün geyim

Hamiləlik dövrünün ikinci yarısında xüsusi dəstəkləyici bandaj əldə edilməlidir. Bu ləvazimat bel nahiyəsinə düşən yükü azaltmaqla bərabər, həm də bud və qarın nahiyələrində çapıqların yaranmasının qarşısını ala bilər. Sinə nahiyəsi üçün bu məqsədlə, lazımi ölçüdə doğuşqabağı dəstəkləyici büsthalter seçilməlidir.

Səmərəli qidalanma

Hamilə qadının qidası mütləq E vitamini, kalsium və zülallarla zəngin olan ərzaq məhsullarından ibarət olmalıdır. Məhz bu elementlər çapıqların qarşısını almağa kömək edir və dərinin xüsusiyyətlərini yaxşılaşdırır. Gələcək ananın gündəlik qidasında ət, süd məhsulları, zeytun yağı, eləcə də mövsümə uyğun təzə meyvə-tərəvəz olmalıdır. Hamilə qadınlar üçün nəzərdə tutulmuş və tərkibində zəruri qida maddələri və mikroelementlər olan vitaminləri də unutmaq olmaz.

Doğuşdansonrakı çapıqların müalicəsi

Uşaq dünyaya gəldikdən sonra bir çox gənc analar yaranmış çapıqlardan yaxa qurtarmağa çalışırlar. Bu məqsədlə, doğuşdan sonra 6 ay ərzində xüsusi kremlərdən istifadəni davam etdirmək olar. Bir müddətdən sonra gərilmələrin sayı nəzərəçarpacaq dərəcədə azalacaq, amma onlardan tam yaxa qurtarmaq mümkün olmayacaq. Çapıqlar ağararaq çox az nəzərə çarpacaq, amma istənilən halda, çoxsaylı açıq rəngli çapıqlar şəklində dəri üzərində qalacaq. Çapıqlar tam dəqiq yaxa qurtarmaq üçün kosmetoloqa müraciət olunmalıdır. Dəri üzərindəki xoşagəlməz xətləri aradan qaldırmaq üçün çoxsaylı proqramlar mövcuddur. Lazer cilalaması, kimyəvi pilinq, mezoterapiya kimi üsullar bütünlüklə bədənin ilkin gözəlliyini bərpa etməyə imkan yaradır. Dərin çapıqlar zamanı cərrahiyyə əməliyyatı tələb oluna bilər. Bütün kosmetik prosedurları, körpənin əmizdirilməsi başa çatdıqdan sonra icra etmək tövsiyyə olunur.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan