Bizə yazın

Doğum zamanı ağrıkəsici vasitələr

03.08.2016

Doğuş – təbii və ağrılı bir prosesdir. Hər bir qadın doğuşu müxtəlif cür qavrayır. Bəziləri buna dözümlü yanaşır, bəziləri isə tab gətirə bilmir. Bəzi hallarda bir qadın tibbi heyətin müdaxiləsi olmadan dünyaya uşaq gətirir, digər qadın isə tibbi heyətin köməyi olmadan azad ola bilmir. Bu halda müxtəlif ağrıkəsici üsullardan danışılır. Bəs ağrıkəsici vasitələrin növləri hansıdır və onlar nə dərəcədə təhlükəsizdir?

Doğuşun psixoloji cəhətdən ağrısızlaşdırılması

Nə qədər qəribə səslənsə də, qadının müsbət psixoloji durumu körpənin doğuşu zamanı ağrını əhəmiyyətli dərəcədə azaltmağa kömək edən bir vasitədir. Əgər gələcək ana prosesin özünə psixoloji cəhətdən hazırdırsa, özünü «gərginləşdirməyəcəksə», özünü «sıxıb» ağrını gözləməyəcəksə, hər şey qat-qat asan olacaq. Artıq sübut olunub ki, sancılar başlayanda bir çox qadınlar ona görə ağrı hiss edirlər ki, onlar bu ağrını gözləyirlər. Özünü ciddi prosesə kökləmək və uşağa tezliklə dünyaya gəlməkdə kömək etmək əvəzinə, onlar ciddi-cəhdlə ağrıdan qorxmağa başlayırlar. Özünətəlqin çox ciddi bir prosesdir. Bununla belə, etiraf etmək lazımdır ki, bir çox qadınlar hər hansı fərdi xüsusiyyətlər səbəbindən həqiqətən də güclü ağrı hiss edirlər. Bu halda nə məsləhət görmək olar? Sərbəst olmaq lazımdır. İnanın ki, müdrik təbiət doğuş zamanı ağrısızlaşdırmanın qayğısına qalıb, amma qadınlar bəzən özləri özlərinə ziyan vururlar. Hamilə qadın bir həqiqəti dərk edərək yadda saxlamalıdır ki, o, özünü nə qədər çox sıxsa, bir o qədər də güclü ağrı hiss edəcək. Əksinə, qadın sərbəst olduqda, ağrı hissi minimuma enəcək.

Doğuşdan əvvəl sərbəst olmağa kömək edən tənəffüs texnikası ilə tanış olaraq bu texnikanı mənimsədikdə və doğuş fəaliyyəti başlandıqda əldə olunmuş bilikləri tətbiq etdikdə bu imtahandan son dərəcə uğurla keçmək olar. Çünki sakit vəziyyətdə hamilə qadının orqanizmində lazımi miqdarda endorin hormonları yaranır və bu hormonlar xoşagəlməz fiziki hissləri azaltmağa və sərbəst olmağa kömək edir, ağrını azaldır və doğuşun gedişinə müsbət təsir göstərir. Həmçinin, mama-ginekoloqun məsləhətlərinə də qulaq asmaq vacibdir – bu, hamilə qadının vəziyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək. Bir çox qadınlara doğuş zamanı ağrının öhdəsindən gəlməkdə massaj kömək edir. Omba və omba sümüyü nahiyəsində yerləşən nöqtələri stimullaşdırmaq xüsusilə vacibdir. Bundan əlavə, ilıq vanna da sərbəstləşməyə kömək edir. Qadın hələ evdə olduqda, yaxud doğum evindəki şərait vanna qəbul etməyə imkan verdikdə bu üsul xüsusən aktual olur. Bu cür prosedur sancılar zamanı sərbəst olmağa, əzələlərdəki, bel və oynaqlardakı gərginliyi aradan qaldırmağa kömək edir.

Doğuşun iynələmə yolu ilə ağrısızlaşdırılması

Refleks terapiyası — doğuş zamanı ən təhlükəsiz ağrıkəsmə üsullarından biridir. Bu üsul, istisnasız olaraq, bütün hamilə qadınlar üçün münasibdir, çünki bu üsulda dərman vasitələrindən istifadə olunmur və o, bütünlüklə orqanizmə deyil, yalnız onun müəyyən nöqtələrinə təsir göstərir. Bu üsulun köməyi ilə ağrı hissini azaltmaq, sinir impulslarının baş beynə ötürülməsini dayandırmaq və ağrıkəsici hormonların fəaliyyətinə təkan vermək mümkündür.

Sözün düzü, bu üsulun köməyi ilə ağrı mərkəzlərinə tam yox, qismən təsir göstərilir buna görə də bəzi hallarda iynələmə ilə birlikdə xüsusi vasitələrdən də istifadə olunur.

Dərman vasitələrindən istifadə etmədən doğuşun ağrısızlaşdırılması

Bəzi hallarda doğuş zamanı ağrısızlaşdırma məqsədi ilə dərman vasitələrindən istifadə olunur. Xüsusən, söhbət A qrupuna aid preparatlardan gedir ki, buraya da analgetiklər aiddir. Doğrudur, onlardan yalnız müstəsna hallarda, yəni gələcək ana bu preparatlarsız keçinə bilmədikdə istifadə etmək olar. Ümumilikdə, preparatların köməyi ilə ağrısızlaşdırma, qadında ürəkbulanma və ya qusma olduqda, yaxud ağrı hissi onu çox narahat etdikdə və o, doğuş prosesinə diqqətini cəmləyə bilmədikdə tətbiq olunur. Analgetiklər damardaxili və əzələdaxili üsulla, kompressorların köməyi ilə (müəyyən yerlərə qoyulur) və inhalyatorlar qismində yeridilir. Bəzən həkim Promedolun tətbiqi haqqında qərar verir. Bu narkotik vasitə damardaxili və ya əzələdaxilli yolla yeridilir. Bu üsul ağrını tam kəsməsə də, onu əhəmiyyətli dərəcədə azaldır. Artıq sübut olunub ki, Promedolun bir dəfə istifadə olunması uşağın sağlamlığına mənfi təsir göstərmir. Bununla belə, Promedoldan iki dəfə istifadə etmək olmaz. Spazmolitiklər və narkotiklər qrupuna daxil olan dərmanlardan əlavə, anestetiklərdən, neyroleptiklərdən, trankvilizatorlardan da istifadə olunur.

Epidural anesteziya

Bu manipulyasiya zamanı onurğa beynini əhatə edən bərk ilik qişasının qarşısında bel fəqərələrinin arasındakı boşluğa ağrıkəsici vurulur. Bu halda məşhur anestetiklərdən (məsələn, Lidokaindən və ya Bupivakaindən) istifadə olunur.  Bu prosedur nəticəsində iri sinirlərin qabığı bloklaşdırılır və qadın, demək olar ki, ağrı hiss etmir. Bu ağrısızlaşdırma növü vaxtaşırı olaraq, zəruri hallarda, ağrıkəsici vasitəni “əlavə etməyə” imkan yaradır. Amma bu zaman qadın bilməlidir ki, bu üsuldan sonra o, bir müddət sərbəst hərəkət edə bilməyəcək. Təəssüf ki, ağrısızlaşdırmanın bu növü hamıya yaramır.  Əgər qadında qanın laxtalanması zəifdirsə, yaxud yüksək temperatur müşahidə olunursa və ya nevroloji xassəli xəstəliyi varsa, epidural anesteziya onun üçün münasib deyil. Bu üsul, həmçinin, piylənmədən əziyyət çəkən və ya yerli anestetiklərə allergiyası olan qadınlara da uyğun gəlmir. Epidural anesteziya nəticəsində bir çox hallarda baş verən ziyanlı təsirlərdən biri başağrısıdır. Bəzən bu başağrısı üç həftəyə qədər davam edə bilər.  Bu cür hal, iynə lazımından daha dərinə işlədikdə baş verir. Hal-hazırda həkimlər bu cür nəticələrin qarşısını necə almağı bilərək ağrını effektiv surətdə dəf edirlər.

Biz hamilə qadının həyatında baş verən ən mühüm hadisə zamanı, yəni dünyaya övlad gətirərkən baş verən ağrının səngidilməsi və ya aradan qaldırılması üçün istifadə olunan ən populyar üsulları nəzərdən keçirdik. Amma Siz bilməlisiniz ki, ağrının nə dərəcədə güclü olmasından asılı olaraq, doğuş zamanı ağrısızlaşdırma haqqında qərarı həkimlər qəbul edir və bu proses yalnız bütün əməliyyatların körpə üçün təhlükəsiz olması şərti ilə həyata keçirilir.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan