Bizə yazın

Laktasiya

04.08.2016

Laktasiya dövrü – anada süd əmələ gəlmə prosesidir. Doğuşdan sonrakı laktasiya dövründə qadınlar üçün lazımi qaydada balanslaşdırılmış qida vacibdir. Laktasiya dövründə pəhriz tələb olunmur – bütün zəruri vitaminlərlə və mikroelementlərlə zəngin olan sağlam qida qəbul etmək kifayətdir. Ümumdünya sağlamlıq təşkilatı laktasiya dövründə uşağı onun tələbi ilə, yəni körpə özü döş istədikdə əmizdirməyi tövsiyyə edir. Vaxt məhdudiyyəti qoymaq lazım deyil – körpə əmib doyduqdan sonra döşü özü buraxacaq. Həmçinin, sutka ərzində əmizdirmə sayını da məhdudlaşdırmaq olmaz – körpə özü yemək istədikdə onu əmizdirmək lazımdır. Mütəxəssislər uşağı 2 yaşına qədər döşlə əmizdirməyi tövsiyyə edirlər, çünki ana südü immunitetin yaranmasında, daxili orqanların inkişafında və sümüklərin formalaşmasında mühüm rol oynayır. Uşaq 6 ayına çatdıqdan sonra döşlə əmizdirməni tədricən əvəzləyərək əlavə qida daxil etmək lazımdır, 1 yaşından sonra isə ana südü yalnız əlavə qida qismində tövsiyyə olunur.

Laktasiya dövründə döşlərin vəziyyəti

Laktasiya dovrunde doslerin veziyyetiLaktasiya dövründə südün yaranması nəticəsində döşlərin həcmi böyüyərək öz formasını dəyişə bilər. Bəzi qadınlarda döşlə əmizdirmənin ilk günlərində döş gilələrində çatlar yaranır – bu, ananın döş gilələrinin həddən artıq zərif olduğu hallarda baş verir. Laktasiya zamanı döşlərin gərilməsinin qarşısını almaq üçün təzə meyvələrlə qidalanmaq lazımdır – bu, dərinin elastikliyini daha da artıracaq; həmçinin, rahat paltar geymək lazımdır. Laktasiyadan sonra döşlərə qulluq üçün müxtəlif kremlər də mövcuddur. Adətən, laktasiyadan sonra döşlər öz əvvəlki görkəmini bərpa edir, çünki vəzi payları kiçilərək öz əvvəlki ölçüsünə qayıdır. Laktasiya bitdikdən sonra döşlərdən bir müddət ifrazatlar müşahidə oluna bilər – adətən, 3-4 aydan sonra bu ifrazatlar dayanır. Laktasiya dövründən sonra daha süd yaranmasa da, laktasiyanı bərpa etmək mümkündür.

Laktasiyanı stimullaşdıran məhsullar

Laktasiyanı stimullaşdıran məhsullara bütün laktogen məhsullar (Adıgey pendiri, brınza pendiri, yerkökü və ya yerkökü şirəsi, qoz-fındıq, yaşıl qoz siropu), eləcə də laktasiya üçün xüsusi çaylar və otlar aid edilir. Avstriya istehsalı olan və tərkibində qaleqa bitkisi olan Hipp çayı laktasiya üçün geniş istifadə olunur. Həmçinin, bilavasitə əmizdirmədən əvvəl qəbul edilən qaynar yaşıl çay və süd turşusu əsaslı müxtəlif içkilər də laktasiyanın artmasına kömək edir. Laktasiya üçün nəzərdə tutulmuş «Млечный путь» adlı quru qida laktasiyanın ilk günlərindən etibarən bütün südverən analara tövsiyyə olunur. Südverən analara, həmçinin, laktasiya bitkilərindən – məsələn, zirə meyvəsindən, ikievli gicitkandan, dərman zəncirotundan, çobanyastığı çiçəklərindən və s. hazırlanmış cövhərlər içmək də məsləhət görülür. Bu bitkiləri istənilən aptekdan almaq mümkündür. Laktasiya yaradan tibbi preparatlara nikotin turşusu, E vitamini, apilak və s. aid edilir.

Döşlə əmizdirmə (laktasiya) zamanı müalicə

Bir çox tibbi preparatlar döşlə əmizdirməyə uyğun gəlmir və laktasiya zamanı həmin preparatların qəbulu xöşagəlməz nəticələrə, məsələn, südün miqdarının və ya keyfiyyətinin azalmasına səbəb ola bilər. Laktasiya zamanı icazə verilən ağrıkəsici vasitələrdən biri no-şpadır – bu dərman hamiləlik dövründə də təyin olunur. Əgər əvvəllər Siz başağrısı zamanı analgin qəbul edirdinizsə, laktasiya zamanı onu parasetamolla (panadolla və ya kalpolla) əvəzləmək daha yaxşıdır, çünki analgin böyrəklərin fəaliyyətini pozur və qan dövranı sisteminə mənfi təsir göstərir. Süd yarasının müalicəsinə gəldikdə isə, laktasiya zamanı yerli təyinatlı şamlardan, yəni uşağın əmizidirilməsinə və ananın səhhətinə mənfi təsir göstərməyən uşaqlıq yolu vasitələrindən istifadə olunur.

Döşlə əmizdirmə (laktasiya) dövründə hamiləlik

Bir çox qadınlar bilirlər ki, döşlə əmizdirmə (laktasiya) zamanı hamiləlik baş vermir və bu cür kontraseptiv üsul “laktasiya amenoreyası” üsulu adlanır. Amma bu üsulun özünü doğrultması üçün müəyyən şərtlər mövcuddur və bu üsulun arzuolunmaz hamiləliklə nəticələnməməsi üçün həmin şərtlərə riayət etmək zəruridir. Birinci şərt – aybaşının olmamasıdır. Laktasiya və aybaşı bu kontraseptiv üsulun tətbiqi üçün bir-birinə uyğun gəlmir. İkinci zəruri şərt tam olaraq döşlə əmizdirmədir, yəni körpə yalnız ana südü ilə, təxminən gündüz hər 4 saatdan bir və gecə hər 6 saatdan bir qidalanmalıdır.  Əgər laktasiya dövründə hamiləlik baş verərsə, yadda saxlamaq lazımdır ki, yaxın vaxtlarda hamiləlikdən azad olmuş qadın ikinci hamiləlikdə həddən artıq çox güc sərf edəcək. Bu, südün yaranmasında da təzahür edə bilər – ikinci hamiləlik zamanı süd azala bilər. Amma qadın bu cür mürəkkəb vəziyyətin də öhdəsindən gələ bilər. Əsas məsələ odur ki, orqanizm zəruri miqdarda vitamin qəbul etsin, çünki indi vitaminə olan tələbat qat-qat artıqdır.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az